SƏHİYYƏ

Əcnəbilər stomatologiyanı Azərbaycanda öyrənməyə üstünlük verirlər

Azərbaycan Tibb Universiteti müsabiqəni onlayn rejimdə keçirərək burada təhsil almaq imkanı əldə edən əcnəbilər üçün hər cür şərait yaradıb.
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Xarici tələbələr Azərbaycana əsasən stomatoloq ixtisasına yiyələnmək üçün gəlirlər. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib.

Şampun və diş pastası qızlar üçün təhlükəlidir

Onun sözlərinə görə, hazırda ATU-da dünyanın 33 ölkəsindən 1,8 min nəfərə qədər əcnəbi tələbə təhsil alır. Onların əksəriyyəti ABŞ, İrlandiya, İran, İraq, Türkiyə və Hindistandan olan tələbələrdirlər. İran və İraqdan olan tələbələr universitetdə üstünlük təşkil edirlər.

Xarici tələbələr Bakıdakı bu ali təhsil ocağına əsasən illik təlim kursu keçmək üçün gəlirlər. Onlar əsasən stomatologiya üzrə təhsil alırlar.

ATU-da dərs prosesi üç dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır.

"Xarici tələbələrin əksəriyyəti ən çox stomatologiya ixtisasını seçirlər. Onların niyə bu ixtisası seçdiklərinin səbəbi bizə məlum deyil. İndiyə qədər bizim onlarla hər hansı problemimiz olmayıb. Düzdür, hərdən təhsil haqqının ödənilməsi ilə bağlı məsələlər çıxır, amma onlar bunu dərhal həll edirlər", - deyə Aslanova bildirib.

Qadınlar hamilə qala bilmirlərsə, diş həkiminə getsinlər

ATU Azərbaycanın ali təhsil müəssisələri arasında xarici tələbə sayına görə birinci yeri tutur. Bu vəziyyəti nəzərə alan universitetin rektoru Gəray Gəraybəyli qəbulla bağlı yeniliklərin tətbiqinə başlayıb. İndi xarici tələbələr "Skype" müsahibəsi vasitəsilə bura qəbul olunurlar.

Əgər əvvəllər xaricilər bilet alaraq Azərbaycana gəlir, növbə tutur, müsahibəyə vaxt itirir və geri qayıdırdılarsa, indi internetlə rabitə yaratmaq kifayətdir.

Namizədlər universitetə sənədlərini onlayn rejimdə göndərirlər. Dekanlıq onlardan uyğun gələnlərini seçir və sonra müsahibə gününü təyin edir. Qəbul olunan bütün tələbələr universitetin yataqxanasında yerləşdirilirlər.

Aslanova onu da qeyd edib ki, gələn il Tibb Universiteti xaricdən daha çox tələbə qəbul etməyi planlaşdırır.