CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülük vəsiqəsi almağa mane olan xəstəliklərin siyahısı hazırlanacaq

Proqramda qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı hazırlanmalıdır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı təsdiq ediləcək. Sputnik Azərbaycan-a bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, bu, məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında yer alıb. Proqramda qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı hazırlanmalıdır. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi üçün digər məsul qurumlar Daxili İşlər, Nəqliyyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar nazirlikləri, eləcə də Bakı Nəqliyyat Agentliyidir.

Qeyd edək ki, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında" Təlimatın təsdiq edilməsi barədə qərarda bununla bağlı müvafiq bənd var. Həmin bənddə qeyd edilir ki, siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan şəxslər imtahanlara buraxılmır.