BAKI, 28 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan vətəndaşlarının pensiyaya çıxması üçün tələb edilən şərtləri açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir müşaviri Mustafa Abbasbəylinin sadə şəkildə açıqladığı bu tələblər iş stajına, vətəndaşın pensiyaya çıxana qədər fərdi hesabına topladığı vəsaitə və digər məqamlara aiddir. Pensiya hüququ əldə etmə şərtlərinə aşağıdakılar daxildir.
1. Normal şərtlərdə - 25 il sığorta stajı topladıqda
2. Normal şərtlərdə - minimum pensiya kapitalı (28,800 m.) topladıqda (minimum əmək haqqının artımı ilə əlaqədar olaraq sentyabrın 1-dən etibarən bu məbləğ 36 min manata yüksələcək)
3. 1-ci qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda
4. 2 və 3-cü qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda və minimum pensiya kapitalı topladıqda
Başqa sözlə, kimsə maaş azlığından və ya hər hansı səbəbdən minimum pensiya kapitalını toplaya bilməyibsə, bu o demək deyil ki, o normal pensiyaya çıxa bilməyəcək. Bunun üçün 2-ci şərtə əməl etmək – 25 il əmək pensiyası toplamaq kifayətdir.
Staj tələbinə əməl edə bilməyənlər isə məbləğin çatışmayan hissəsini özlərindən əlavə edə bilərlər ki, pensiya kapitalı tələb olunan həddə çatsın. 1-ci və 2-ci şərtləri yerinə yetirə bilməyənlər isə əvəzinə yaşa görə müavinət alacaqlar. Hazırda məbləği 130 manatdır.
Pensiya əldə etmə növlərinə isə...
1. Pensiya yaşına çatdıqda (Kişilər 64,5 / Qadınlar 61,5 yaşında). Yeri gəlmişkən, 2027-ci ildən etibarən həm kişi, həm də qadınlar üçün pensiya yaşı 65-ə yüksələcək.
2. Şəxs əlil olduqda
3. Ailə başçısını itirdikdə (yəni, şəxs vəfat etdikdə onun pensiyasını onun əmək qabiliyyəti olmayan ailə üzvləri alır)
Güzəştli şərtlərlə pensiya hüququ əldə etmə şərtlərinə...
1. Xüsusi kateqoriyalı şəxslər (5-dən çox uşaqlı qadınlar, zərərli işdə işləyənlər, liliputlar və s.) - 5-20 il daha tez hüquq əldə edirlər.