CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeron Milli Parkı: "Sevgi qapısı", saf duyğuların məkanı… - FOTO

"15-20 ildən sonra gələn nəsil maraqlanacaq ki, görəsən, Abşeronun təbii relyefi, flora-faunası necə olub? Ya internetdə məlumat, şəkil axtaracaq, ya da muzeylərə müraciət edəcək" - Etibar İbrahimov
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Abşeron Milli Parkının ərazisi 783 hektardır. 2015-ci ildən sanitariya-mühafizə zonası da əlavə olunub və ərazinin ətrafı bütün perimetri boyunca dənizdə 3 min metr, quruda isə 2 min metr müəyyənləşdirilib. Yəni mühafizə edilən ərazi xeyli böyüyüb. Bura 2005-ci ildə Milli Park statusu alıb. O zamana qədər isə yasaqlıq olub. Həmin vaxtlar ərazi də kiçik idi və turistlərin girişi də qadağan idi…

Bu barədə Sputnik Azərbaycan-a Abşeron Milli Parkının direktoru Etibar İbrahimov məlumat verir:

Abşeron Milli Parkı: "Sevgi qapısı", saf duyğuların məkanı… - FOTO

- 2005-ci ildən sonra Abşeron Milli Parkının qapıları müəyyən edilmiş marşrutlar çərçivəsində ziyarətçilərin üzünə açılıb. Üç marşrut var və onlar ən optimal yollar üzərindən seçilib ki, flora-faunaya zərər yetirilməsin, ziyarətçilər də vəhşi təbiətdən yararlanıb zövq ala bilsinlər, buranın "daimi" sakinləri olan heyvanat və bitki aləmi də yerində qalsın. Yəni təsəvvür edin ki, çoxlu sayda insan, maşınlar ərazidə haraya gəldi girir. Nəticə o olacaq ki, heyvanlar tədricən uzaqlaşacaq, bitki örtüyü tapdalanıb məhv olacaq. Yeri gəlmişkən, Milli Parkda Abşeron yarımadasının təbii şəraitinə uyğun olan 50-dək heyvan-quş növü (quşların böyük əksəriyyəti payız-qış vaxtı, köç dövründə gəlir), 20-dən artıq bitki növü var.

Abşeron Milli Parkı: "Sevgi qapısı", saf duyğuların məkanı… - FOTO

- Deməli, gələn turist haraya gəldi gedə bilməz?

- Elədir, çünki məqsəd də odur ki, belə unikal ərazilər gələcək nəsillər üçün də qorunsun. İqtisadi və demoqrafik inkişaf nəticəsində yaxın bir neçə ildən sonra Abşeron yarımadasında, dəniz sahilində insan əli dəyməyən yer qalmayacaq. 15-20 ildən sonra gələn nəsil maraqlanacaq ki, görəsən, Abşeronun təbii relyefi, flora-faunası necə olub? Ya internetdə məlumat, şəkil axtaracaq, ya da muzeylərə müraciət edəcək. Amma Abşeron Milli Parkı qorunub-saxlanılsa, görsələr, gəzsələr, kifayət edəcək və zaman gələcək, Abşeron Milli Parkı açıq havada muzey kimi olacaq. Çox təqdir olunmalı haldır ki, indi Azərbaycanda 10 belə milli park və 10 təbiət qoruğu var. Xüsusi mühafizə altında olan, yəni bu cür qorunan təbiət əraziləri ölkə ərazisinin təxminən 11 faizini təşkil edir və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qorunur.

Abşeron Milli Parkı: "Sevgi qapısı", saf duyğuların məkanı… - FOTO

- Milli Park əcnəbi turistlərin diqqətini çəkirmi?

- Əvvəllər buraya gələn turistlərin 90 faizi əcnəbilər idi. Azərbaycanlı turistlər o qədər maraqla yanaşmırdılar. İndi əksinə olub. Ümumi gələnlərin sayı da artıb və onların yalnız 15-20 faizi əcnəbilərdir. Gələnlərin böyük əksəriyyəti yerlilərdir və bu statistikaya əsasən deyə bilərik ki, yerli əhali də vəhşi təbiətlə təmasa, ekoloji turizmə üstünlük verməyə başlayıb.

- Burada turistlərin çadır qurub qalması üçün şərait varmı?

- Elə xüsusi şərait yoxdur. Amma heyvanlardan qorunmaq üçün müəyyən təhlükəsiz yerlərimiz var. Ola bilsin ki, tələbat yaranar və burada otel və ya hostel xidməti təklif etmək olar.

Abşeron Milli Parkı: "Sevgi qapısı", saf duyğuların məkanı… - FOTO

- Daha çox turist cəlb etmək üçün nə etmək lazımdır?

- Ekoturizmin inkişaf etdirilməsi bu gün çox aktualdır. Ona görə Nazirlik tərəfindən, milli parkların tabe olduğu Bioloji Müxtəlifliyin Qorunması Departamenti tərəfindən təhlillər həyata keçirilir, cəlbedici plan və proqramlar hazırlanır, genişmiqyaslı təbliğat aparılır. Biz də öz tərəfimizdən buna uyğun olaraq işimizi qururuq ki, turistlərin sayı artsın. Son vaxtlarda velosiped yolu müəyyənləşdirmişik. Uşaqlar üçün uşaq guşəsi, kiçik hovuz salmışıq. Həvəskar balıq ovu üçün yer ayrılıb.

Abşeron Milli Parkı: "Sevgi qapısı", saf duyğuların məkanı… - FOTO

Amma gördüyünüz kimi, Abşeron Milli Parkının ən diqqət çəkən nöqtəsi Şahdili burnudur - Azərbaycanın xəritəsində "qartalın dimdiyi" kimi görünən yer. Gələnlərin hamısı o romantik nöqtəyə getmək istəyir. Həmin son nöqtəyə getmək üçün şərait yaradılıb, avtomobil dayanacağı üçün yer müəyyənləşdirilib. Baxmayaraq ki, avtomobil dayanacağından həmin nöqtəyə getmək üçün 2 kilometr piyada yol var, amma turistlər yenə də oraya getməyə can atırlar.

Oranın daha cəlbedici olması üçün keçmiş irsin, mövcud rəvayətlərin populyarlaşdırılmasına ehtiyac var. Təsəvvür edin ki, həmin burun hissə keçmişlərdə sevgisinə qovuşmaq üçün sınanmış niyyət yeri olub. Hətta bu barədə rəvayət də var. Bura dənizlə səmanın birləşdiyi, qurunun bitdiyi yer kimi insanların sevgi inancına çevrilib. Bu irsə sadiq qalaraq istəyirik ki, bu nöqtə yenə də rəmzi olaraq "Sevgi qapısı" kimi məşhurlaşsın, saf duyğuların məkanına çevrilsin…

- Milli Parka girişin qiyməti nə qədərdir? Turistlər daha çox hansı mövsümdə parkı ziyarətə gəlirlər?

- Parka giriş biletinin qiyməti iki manatdır. Bura hər fəsildə gözəldir, hər mövsümdə turistlərin parkımıza marağı var. Amma daha çox yaz fəslində axın olur.