HADİSƏ

Siyəzənlilər niyə qaranlıqda qalıblar və bu, nə vaxtadək davam edəcək?

Rayon sakini Aytən Süleymanovanın sözlərinə görə, bu həftə ərzində bir neçə dəfə işığın verilməsində fasilə yaranıb.
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr – Sputnik. Bir həftəyə yaxındır ki, Siyəzən rayonunda elektrik enerjisinin verilməsində  fasilələr yaranır. Sputnik Azərbaycan-a rayon sakinləri bununla bağlı narahatlıqlarını bildiriblər.

Rayon sakini Aytən Süleymanovanın sözlərinə görə, bu həftə ərzində bir neçə dəfə işığın verilməsində fasilə yaranıb: “Həftənin ara günləri işıqları bir neçə dəfə söndürdülər. Biz hansısa nasazlığa görə belə olduğunu düşündük. Sonra gördük ki, belə vəziyyət artmağa başlayıb. Hər kəs bilir ki, bu gün həftə sonudur və sabah uşaqlarımız məktəbə, biz isə işə getməliyik. Paltarlar yuyulmalı, ütülənməlidir. Belə bir gündə işıqların sönməsi artıq bizim qəzəbimizə səbəb olur. Məsələ ondadır ki, işıqların nə səbəbə söndürülməsi, nə vaxta qədər belə olacağı barəsində bizə heç bir məlumat verilmir”.

Məsələ ilə bağlı Siyəzən rayon Elektrik Şəbəkəsinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Təəəsüflər olsun ki, onlardan cavab almaq mümkün olmadı.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirdi  ki, məsələdən xəbərsizdir və tez bir zamanda rayon Elektrik Şəbəkəsinin rəhbərliyi ilə əlaqə saxlayıb, məsələnin həllinə çalışacaq.