CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin Ağalarov Gəncəni fəth etdi

Emin Ağalarovun konsertində Gəncədən olan deputatlar, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak edib.
Sputnik

BAKI, 27 oktyabr - Sputnik. Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar-müğənni Emin Ağalarov Gəncədəki Heydər Əliyev Park Kompleksində konsert proqramı ilə çıxış edib.

Sputnik Azərbaycan ""Report"a istinadla xəbər verir ki, konsertdə Gəncədən olan deputatlar, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak edib.

Emin Ağalarov tamaşaçılar qarşısında məşhur hitlərini səsləndirib. Konsert Gəncə sakinlərinin coşqusu və alqışları ilə qarşılanıb.

Emin Ağalarov peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun "STILL" adlı birinci albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB ölkələrində isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində Emin daha üç ingilisdilli disk buraxıb: “Incredible” (2007-ci il), “Obsession” (2008-ci il) və “Devotion” (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub.

Bundan sonra ayrı-ayrı illərdə onun müxtəlif albomları çıxıb. Albomlar dünyanın müxtəlif ölkələrində maraqla qarşılanıb. 

Emin Ağalarov həmçinin 2016-cı ildən başlayaraq Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalının təsisçilərindən biridir. Onun Rusiyanın Əməkdar artisti Qriqori Leps və "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovla birlikdə ərsəyə gətirdiyi bu layihədə Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.