BAKI, 26 oktyabr — Sputnik. Rusiya və Türkiyə liderləri arasında əldə olunan Soçi razılaşmasından sonra Rusiya Suriyada əsl qalibdir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların beynəlxalq münasibətlər üzrə Şurasının eksperti Henri Berni deyib.
Ekspertin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədin hakimiyyətinin bütün ölkə ərazisinə yayılmasını istəyir.
"O, bunu Birləşmiş Ştatlar qoşunlarının həmin ölkədə olduğu vaxt edə bilmirdi. Ona görə də Türkiyənin addımları Rusiya prezidentinin lehinə oldu", - deyə Berni qeyd edib.
Ekspert əmindir ki, Əsədlə birgə Moskvanın növbəti addımı İdlib vilayətinin alınması olacaq: "Real olaraq Rusiya ən böyük qalibdir".
Berni, eyni zamanda qeyd edib ki, Türkiyə də gələcəkdə Suriyanı tərk edəcək.
Qeyd edək ki, oktyabrın 22-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb.