BAKI, 26 oktyabr — Sputnik.Mariya Butina ABŞ həbsxanasında 18 ay keçirib. Oktyabrın 26-da o, Rusiyaya qayıdıb. Həbsdə başına gələnlər, ilyarım ərzində necə dəyişməsi, gələcək üçün planları haqda Mariya Butina Sputnik və RT-yə müsahibəsində danışıb.
- Mariya, bir neçə saatdır ki, ilyarım həbsdə olduğunuz ABŞ-ı tərk etdiniz. Artıq hər şeyin bitdiyinin fərqindəsiniz?
- Elə hiss edirəm ki, sanki həyatım iki yerə bölünüb. Elə bil, baş verən hadisələr əslində olub, amma mənim başıma gəlməyib. Mənə elə gəlir ki, bu məni həbs edən zaman köməyimə gəldi. Hesab edirəm ki, indi hər şey müsbət istiqamətdə gedəcək. Cənnətdəki kimi. Hər şey elə yaxşıdır ki...
- Həbsxanadakı son gününüz necə başladı?
- Hər şey plan üzrə idi. Mənə üzərində səhər 8-də oradan götürüləcəyim barədə kağız parçası verdilər. Təbii ki, məni səhər 8-də götürən olmadı. Mənim ardımca səhər 6-da gəldilər, hamını səhər yeməyinə buraxmamışdan öncə.
Hamı qapısı kilidli şöbələrdə idi. Məni qaranlıqa aparırdılar. Mən beş ay ümumi rejimdə yaşamışam. Yenidən belə bir şou təşkil etməyin nə mənası vardı? Məni kassaya apardılar, qəpiyinədək bütün pullarımı verdilər. On bir sent də əlavə ödədilər – hamısını, ideal surətdə. Nəqd. Dollarlarla. Səliqəylə düzdülər, zərfə qoyub dedilər: “Mariya, cibinizə qoyun”. Hər ay üçün 28 dollar 80 sent qazana bilmişəm.
Ona görə Amerika həbsxanasını cənnət hesab edənlərə deyirəm ki, bu belə deyil. Amerika həbsxanası cəhənnəmdir. Özü də bu, quldarlıqdır, çünki sən işləməkdən imtina edə bilməzsən. Əgər imtina etsən, səni izolyatora göndərəcəklər. Ona görə də deyirəm ki, Amerikada quldarlıq mövcuddur.
Aparıb yenə qəfəsə saldılar. Səhər yeməyi almağa çalışdım – bilmədiyim hansısa dənin lopalarını verdilər. Heç səhər yeməyi də nəzərdə tutulmamışdı.
Bir saat sonra isə arxamca marşallar gəldilər, məni arxa qapıdan çıxardılar, bir maşına məni, digərinə marşalları oturtdular. Yenə də qarışıqlıq. Çünki, bildiyimə görə, jurnalistlər çıxışda idilər. Yenidən hamını şöbələrə saldılar, məni arxa həyətdən keçirdilər. Sonra məni miqrasiya xidmətinin ofisinə gətirdilər. Burada məni daha dörd saat saxladılar. Məni havaxt aparacaqlarını demədilər. Yenə də heç bir yemək verilmədi. Öz soyuducularında tapdıqlarını qızdırdılar. Suyu dilimlə istədim – Amerikada su qıtlığıdır bəyəm?
Son nəticədə boş kamerada dörd saat oturdum. Sonra məni götürüb aeroporta apardılar.
Aeroportda nəhayət ki, Tallahassi-Mayami reysinə mindirdilər. Elə enən kimi yenidən tam formada altı döyüşçü qarşıladı. Mən o dərəcədə təhlükəli idim ki?..
Sonra yenidən harayasa apardılar, qəfəsə saldılar. Oranın qapısı bağlanmırdı. Bir stul qoyub marşalı əyləşdirdilər. Yəqin, qəfəsdən çıxmayım deyə belə etdilər. Yenə də nə vaxt aparılacağımı demədilər. Yenə yemək tələb etdim. Bir parça çörək tapıb verdilər. Sonra yenə eləcə oturdum. Niyə demək olmur ki? Atama zəng vurmaq üçün icazə istədim, söz verdilər. Nəhayətdə mənə burada “Aeroflot”un uşaqları kömək elədilər. Heç olmasa, atama yazdılar. Orada isə məni yenə aldatdılar: valideynlərimə zəng vurub reysin nə zaman çatacağını deyəcəkdim, amma olmadı. Sonra məni tualeti olan qəfəsdə saxladılar. Mən, ümumiyyətlə, qadınam. Şüşədən hər şey görünür. Onların heç tualetləri də heç nə ilə ayrılmayıb. Orada “Kişilər üçün” yazılmışdı. Mənsə qadınam axı... Sonra məni təyyarəyə mindirib vəsiqə verdilər, dedilər: “Görüşənədək!”
- Hansı əşyaları götürməyə icazə verdilər?
- Özümlə bir neçə kitab, bir qədər qoz-fındıq götürdüm, çünki bilmirdim, mənə yemək verəcəklər, ya yox. Haqlı çıxdım. Birinci dəfə ancaq təyyarədə normal yemək verdilər.
Ölkə haqqında onun məhbuslara göstərdiyi münasibətə görə fikir yürütmək olar. Amerika öz məhbuslarıyla pis davranır. Əcnəbilər barədə nə deyə bilərəm ki? – Daha da pis davranır.
- Təyyarədə ilk dəfə mühafizəçisiz, uzun müddətdən sonra nəzarətsiz qalanda ilk fikriniz nə oldu?
- Gözlərimi yumub Allaha təşəkkür etdim. Sadəcə dua oxudum, izolyasiyada ən ağır dönəmlərdə, ən çətin anlarımda, özüm üçün Bibliyadan, İsayyadan xəyali obraz yaratmışdım: “Hətta sən okeanların dərin dibiylə də getsən, mən həmişə səninlə olacağam”. Və Allah həmişə mənimlə idi.
- Evdə sizin gəlişinizə necə hazırlaşırlar?
- Anam görüşə çoxdan hazırlanır: menyunun hamısını mənimlə dəqiqləşdirib. Etiraf edirəm, bu söhbətdə anama özümü maraqlı göstərməyə çalışırdım. Əslində isə nə yeyəcəyim, ya da nə geyinəcəyim elə də əhəmiyyətli deyil axı. Ancaq mənə elə gəlir ki, bu planlaşdırma həm anam, həm də mənim üçün çox vacib idi. Ana üçün qızının qayıdacağını bilmək çox vacibdir. Ona görə də bu hazırlıqlar psixoloji cəhətdən lazımlı idi. Elə mənim üçün də. Mən bilirdim ki, bu gün yetişəcək, amma onun haqda fikirləşməyə qorxurdum, çünki məni o qədər aldatmışdılar ki...
İlk dəfə məni zaminə buraxmalı olduqlarını fikirləşəndə aldandım. Çünki təklikdə saxlanmağım üçün heç bir əsasları yox idi.
Sonra – hökmü oxuyanda: artıq müddət əlavə olunanda.
Ona görə də sonadək inanmırdım. Təyyarə havaya qalxmayanadək məni azad edəcəklərini düşünmürdüm.
- Gəlişiniz münasibətilə əzizlərinizə nəsə xüsusi sifariş etmisiniz?
- Həbsxanada hər cümə axşamı “toyuq günü” idi. Toyuq günü – daimi mübarizə demək idi. Çünki toyuq budları balacaydı, doymurduq. Və bu verdikləri yeganə həqiqi ət idi. Surroqat yox, əsl ət. Ona görə də anama dedim: “Ana, nə vaxt gəlsəm, zəhmət olmasa, beş toyuq al, beşini də sobada bişir. Nə təhər lazımdır, sarımsaqla. Beşini də özüm yeyəcəm”. Hə, bir də banan. Sən demə, banan Amerikada qıtdır. Çünki onu ancaq bayramlarda verirdilər. Ona görə də toyuqla banan sifariş elədim.
- Rusiyada ilk vaxtlar nə etməyi planlaşdırırsınız?
- Yəqin ki, axarına buraxacağam. Hazırda nəyisə planlamaq mənim üçün çətindir. Çünki fikirlərimi toplamalı, yatıb yuxumu almalıyam. Anlayıram ki, hələ də yüksək gərginlik içindəyəm. Çünki adrenalin artıb, şərait dəyişib. Hələlik yatmaq istəmirəm, amma orqanizm, yəqin, öz sözünü deyəcək.
Ancaq valideynlərimlə görüşəcəm. İndi də, elə o vaxt məni həbs edəndə də bir fikrim vardı: görəsən, valideynlərim necədirlər. Mən təklikdə də, ümumilikdə də nə qədər qorxu keçirsəm də, onlar məndən daha çox qorxurdular. Qaçan xəbər sətirlərində qızlarının həbs olunduğunu oxumaq onlar üçün daha ağır idi. Ən çox onlara görə narahat olurdum.
İkincisi də, düşdüyüm şərait nə qədər ağır olsa da, təsəvvürün imkanları hüdudsuzdur. Ona görə də valideynlərimin mənim başıma nə gəldiyi haqda təsəvvürləri ən qorxulu idi.
Evə qayıtdığıma görə çox şadam. Bir-iki gün (Moskvada olacam) – sonra isə Barnaula gedəcəm.
- Sizə qarşı ittiham irəli sürülməsi nə qədər gözlənilməz oldu?
- Tamamilə cəfəng bir şey idi. Buna inana bilmirdim. İttiham kağızlarını görəndə fikirləşdim ki, bu nə isə pis bir zarafatdır: Twitter mesajlarının səfeh tərcüməsi... – çox iyrənc tərcüməydi. Bir misal çəkə bilərəm. Bizdə belə ifadə var: “Fantastika həddində texnika”. Ona görə də texnika sözü “technics” kimi tərcümə olunmalıydı. Amma onu “equipment” (qurğu, yaraq – red.) kimi tərcümə etmişdilər. Nəticədə belə bir şey alınmışdı: “Secret equipment”. Fantastika həddində texnika gizli qurğu deyil axı, belə tərcümə etmək olmaz.
Bunu görəndə gözlərimə inanmadım ki, kimsə bunlardan ümumiyyətlə nəsə düzəldə bilər. Sonra uydurma pul, hakimiyyət qarşılığında seks əhvalatı, köhnə dostumla, hansı ki, ümumiyyətlə, Rusiyada yaşayır, xırda zarafatımı Amerika təşkilatına soxulmaq kimi təqdim etmələri – bu lap “Alisa Möcüzələr ölkəsində”yə, yalan dünyaya bənzəyirdi.
Hesab edirəm ki, onlar doğrudan da kimisə vacib bir adamı tutduqlarını zənn edirdilər. Ancaq kimisə həbs etməzdən öncə gərək nəsə əsasın olsun. Yoxsa mənimlə olduğu kimi, həbsə atıb, sonra aydınlaşdırarıq məsələsi kimi yox. Yəqin ki, aydınlaşdırandan sonra (qərara aldılar ki – red.) – məni nədəsə günahlandırmaq lazımdır axı...
- Senata çağırılmağınız, öncə dostunuzun, sonra özünüzün mənzilində axtarış aparılması sizdə şübhə doğurmadı? Ayağınızın altını qazdıqları barədə fikirləşmədiniz?
- Yəqin, mən sadəlövh olmuşam. Elə bir illüziya ilə yaşayırdım ki, hüquqi dövlətin ərazisindəyəm. Mənim haqqımda hər cür pis xəbərlər, məqalələr yazırdılar, amma mən bunlara gülürdüm, çünki bilirdim ki, hamısı cəfəngiyyatdır. Ancaq necə deyərlər, təki adam olsun, maddəsini biz taparıq. Və hazırkı şəraitdə bu, Sovetlər İttifaqına deyil, Amerika Birləşmiş Ştatlarına şamil edilməlidir. Bu, sürrealizmdir.
- Siz nəhayətdə günahınızı etiraf etdiniz. Bu, məcburi addım idi? Buna necə qərar verdiniz?
- Mən xarici agent kimi qeydiyyata düşmədiyimi etiraf etdim. Qeyri-leqal heç bir iş görməyən, heç bir pul götürməyən adam, heç kim ziyan çəkməyib... Hətta razılaşmaya girdiyim bir adam belə yox idi. Sənədlərimə görə, mən Amerika vətəndaşı ilə dostluq naminə şam yeməkləri üçün qeydiyyata düşməmişdim. Nə təşkilatçı, nə bunu qeydə alacaq bir dəftərxana vardı. Son sənədlərimdə bircə kriminal var idi – o da qeydiyyata düşməmək. Məni buna görə həbsə atmaqları isə başqa sual doğurur – yəni nəyə nail olmaq istəyirdilər? Düzü, bilmirəm.
Mənə təzyiq var idi? Əlbəttə. İttiham sənədlərinə qol çəkməmişdən 10 gün əvvəl məni yenə də izolyatora salmışdılar. Bu, qəsdən edilmişdi. Şəxsiyyəti sındırmaq istəyi idi. Əgər bütün bildiyin sirləri versən, sonra heç nə edilməyəcəyinə inandırmaq cəhdi idi. Ancaq mənim sirrim yox idi.
Amerika ədalətinin statistikasına baxın. 98-99 faiz günahını boynuna alır. Niyə? Çünki andlılar məhkəməsini udmaq çətindir. Əgər mənə bir çox ölkələrdən olan adamların mənim işimə obyektiv baxacağı müstəqil beynəlxalq məhkəmə təklif etsəydilər, sonadək mübarizə aparardım. Bu konkret halda isə məni televizora baxanlar mühakimə edərdilər. Mənim qorxulu casus və s. olduğumu fikirləşənlər. Onlar məni günahkar sayardılar. Mənim gözəl hakimim isə mənə 15 il iş kəsərdi. Nəyisə sübut etməyin də mənası olmazdı.
- Bu 18 ayda ən çətin olan nə idi?
- Valideynlərimdən təcrid olunmağım. Onlara zəng vurmağa icazə verməmələri. Həftədə bir və ya iki dəfə doğma səs eşidəndə bu mənə bir həftəlik mənəvi qida olurdu.
- Uzun müddət təkadamlıq kameralarda olmusuz. Oranın şəraiti necə idi?
- Mahiyyətcə, səni təkadamlıq kamerada saxlayırlar. İnsanlarla ünsiyyətin olmur. Bir sinidə yemək gətirirlər, 10 dəqiqə sonra isə onu aparırlar. Səni ancaq gecə buraxırlar ki, şöbədəki digər məhbuslarla rastlaşmayasan. Mənim vaxtım gecə 2-dən 3-dək idi.
Buraya telefon da daxildir. Elə olurdu ki, yarım saat valideynlərimə zəng çatmırdı. Vaxtın bitdi – qapını bağlamalıydın. Çünki sənin zənginə cavab verib-verməməkləri heç kimin vecinə deyil.
Bu, duş üçün, digər sanitar prosedurlar üçün yeganə icazə verilən vaxt, su qızdırmaq üçün yeganə imkan idi.
Bu, çox vacib məqamdır. Çünki kamera həddən artıq soyuq idi. Ona görə də daim idmanla məşğul olurdum. Çünki gerçəkdən, çox soyuq idi. Xüsusən də qışda. Vaşinqtondakı həbsxanalar soyuq qış üçün nəzərdə tutulmayıb. Qar yağanda beton donurdu. İsitmə sisteminin ancaq adı vardı. Ona görə də su qızdırmaq üçün yeganə vaxt gecə olurdu. Mən beləcə özümə tezəriyən yulafdan sıyıq hazırlayırdım. O, mənim üçün desert idi.
Belədə - oturursan, oxuyursan, titrəyirsən, yazırsan. Əllərin donur. İzolyasiyada olduğum vaxt gördüyüm “mənzərə” ancaq kərpic divar idi, çünki pəncərəm divara baxırdı. 30 yaşım olanda, ad günümdə oturub pəncərədən qırmızı kərpiclərə baxırdım.
Sonra isə məni başqa şöbəyə keçirdilər. Orada zorakı cinayətlərdə günahlandırılanları saxlayırdılar. Bu mənim günahımı etiraf etməyimdən əvvəl oldu. Yəni şərtlərimi daha da ağırlaşdırdılar. Buna qədər, heç olmasa, yemək üçün nəfəsliyi olan kamerada qalırdım, orada isə heç bu da yox idi. Yəni mənim başqalarıyla ümumiyyətlə ünsiyyət qurmamağım üçün belə etdilər.
Amma orada “mənzərə” vardı, oradan yolu, uzaqlarda maşınları görə bilirdim.
Gəzintilər olmurdu. Küçəyə buraxmırdılar. İdman zalına getmək olardı. Bu, çirkli, boş basketbol zalı idi. Mən də orada qaçırdım. Sakitlikdə, dövrələri sayaraq qaçırdım. Oraya da lap erkən – səhər 5-lə 6 arası buraxırdılar.
- Təkadamlıq kamerada özünüzü təklikdən necə qoruyurdunuz?
- Cədvəllə. Ağlınızı itirməmək üçün çox ciddi planınız olmalıydı. Hər saat nə iləsə məşğul olmalıydınız. Bir azca boşalıb fikirləşməyə başlayan kimi beyin sizi yoldan çıxarmağa başlayırdı: birdən başqa cür oldu...
Bu məni ayaqda saxlayırdı. Mən planımı dəqiq bilməliydim. Vaxtım da var idi, əlimin altında dini mövzuda ədəbiyyat da. Onda qarşımda vəzifə qoydum: ikona rəngkarlığını öyrənməyə başladım. Yəni əlimdə məşhur ikonaların şəkli olan kitablar vardı. Mən incəsənəti çox sevirəm.
Viktor ata mən Bibliya, Əhdi-Ətiq mövzusunda kitablar gətirirdi. Bu, oxumaq və öyrənmək üçün gözəl vasitə idi. Hər şey ingiliscəydi, mənim də lüğətim vardı. Mən özümə qoyduğum vaxt ərzində 3 fəsli oxuyub, 4 ikonanı öyrənməli idim. Bu çox ciddi idi, belə strukturlaşdırmışdım.
Axşamlar isə klassik ədəbiyyat oxuyurdum. Əldə etdiyim kitablara görə İsgəndəriyyə həbsxanasına minnətdaram, bu, rusca “Anna Karenina” və taleyin istehzası kimi “Cinayət və cəza” idi. Rus klassikasını: Çexovu, Lermontovu, Dostoyevskini yenidən oxudum. Klassikləri başqa tərəfdən anlamağa başladım.
Və idman. Həddən artıq idman. Gündə 90 dəqiqə, hətta qeydlərimdə də durur. Həftədə 3 dəfə qaçırdım, hər gün isə təmrinlər edirdim. Bu çox yaxşı kömək edir.
- Sizin rus olmağınız həbsxanada başqa qadınların sizə münasibətinə təsir edirdi?
- Həbsxanada normal idi. Çünki orada hansı ləhcədə danışmağının əhəmiyyəti yoxdur. Mənə elə gəlir ki, həbsdə insanın həqiqi təbiətini daha tez görmək olur, çünki bu, ekstremal stress vəziyyətidir və heç cür “aktyorluq” alınmır.
Qızlar fərqli idilər. Amma nəticə beləydi: insanlar oraya yaxşı həyat səbəbindən düşmürlər. O qədər insan taleyi sınır ki... Və Amerika buna görə heç nə etmir, o sadəcə belə insanları aylarla, illərlə həbsdə saxlayır. Sonra azad edir, yenidən tutub geriyə qaytarır. Eynilə də quldarlıq. Problem həll olunmur.
- 52 saat müddətində FTB agentləri sizinlə nə barədə danışırdılar?
- Heç nədən. Məni kameradan çıxarırdılar. Yemək verirdilər, həmişə də yaxşı yedirdirdilər. Ancaq bu, klassik janrın təzahürü idi: yəni mənə sanki FTB əl meymununu yedirtdiyi kimi ancaq həmin görüşdən əvvəl normal yeməklər verirdilər. Bütün sualları ilk sessiyalarda bitmişdi, daha verməyə sual qalmamışdı.
Onlar məndən hökumətə işləyib-işləmədiyimi soruşurdular. Mən onlara dərhal dedim: yox. Sözlərimin düzgünlüyü və səhihliyinin təsdiqi qismində onlar mənə mənim dediyim hər şeyə inandıqları barədə məktub verdilər. Dediklərimin hamısı sənədlərlə təsdiq edilib. Onlar mənim hər şeyimi – elektron kitabdan belə, bütün kompüterlərimi müsadirə etdilər.
Danışmağa söz yox idi. Eninə-uzununa müzakirə elədikləri əsas mövzu bu idi: niyə siz Torşinləydiz? Niyə bunları edirdiniz? Heç cür inana bilmirdilər ki, insanlar bəzən sadəcə yaxşı işlər görürlər, çünki ölkələr arasında dostluğa inanırlar, çünki insanların ümumi mənəvi prinsipləri var və onlar, məsələn, özünümüdafiə hüququna malikdirlər.
Onlar hətta mənim 15 yaşım olan dövrün hadisələrini də qurdaladılar, bütün fotoşəkillərimi tapdılar, bütün dostlarımı nəzərdən keçirdilər, nənələrimin adlarını da soruşdular.
Bütün bu 52 saat onların nəsə vacib bir iş gördüyünü, bizim müzakirə etdiklərimizin vacib mövzu olduğunu göstərmək cəhdi idi. Biz elə də ciddi bir şey müzakirə etmirdik. Bu, sadəcə, göstəriş üçün idi, KİV üçün.
- Gözlədiyinizdən daha uzun müddət iş aldığınız barədə hökmü necə qarşıladınız?
- Prokurorluğun dediklərini kağızdan oxumazdan əvvəl hakim heç otağına çəkilib düşünmədi də, ən azından, Amerika vətəndaşları olan mənim vəkillərimə hörmət əlaməti olaraq heç olmasa, 3 saniyə də olsun fikirləşə bilərdi.
Biz onun verdiyi müxtəlif hökmləri nıəzərdən keçirdik. Bu, onun karyerası ərzində prokurorluqla razılaşdığı yeganə hal idi. O həmişə ittiham edilənlərə prokurorluğun tələb etdiyindən az vaxt verirdi.
Hökm əsl şok oldu. Mən gözləyirdim ki, məni elə həmin gün evə buraxacaqlar.
Yadımdadır ki, şöbəyə qayıtdım (ümumi rejimdə deyildim). Hamı xəbərlərə baxırdı. Mühafizəçilər də, digərləri də mənə yaxşı münasibət göstərirdilər. Qızlar qaçaraq gəldilər, məni qucaqladılar: “Heç nə olmaz, dərd eləmə”, dedilər. Anama zəng etdim. Heç nə deyə bilmirdim, çünki gözüm dolmuşdu. Anam isə dedi: “Sən möhkəm ol. Biz bunun da öhdəsindən gələrik”.
- Ən qiymətli və əhəmiyyətli dəstək nə oldu?
- İnanc. Allaha inam və dua. Allahın ədalətli olduğunu unutmamaq. Hesab edirəm ki, tarix hər şeyi özü bərqərar edəcək. Mən orada inanclı birinə çevrildim. Bunun necə vacib olduğunu dərk elədim. Yəqin, bu bizim həyatımızın ən əsas qayəsidir. Mən elə də inanclı biri deyildim, ancaq Allahı dərk etmək, onunla bağ qurmaq çox vacibdir. İzolyasiyadakı uzun günlər, oraya göndərilən başqa adamların sonradan psixotrop, əhvalı sabitləşdirən həblərdən, yuxu dərmanlarından isitifadə etməsini, daim yatdıqlarını görmək... Bunu görəndə inancım mənə mübarizə üçün güc verirdi. Bəs necə, bütün ölkə məni müşahidə edirdi, mən də tərəvəz rejiminə keçməli, bütün gün yatmalı idim? Bu mənim tərəfimdən satqınlıq olardı.
- Tallahassidə bir az yüngülləşdiniz? Oradakı adamlar necə idilər?
- Ən qorxulusu marşallar sistemidir. Bu, alçaltma sistemidir: sənə 16 saat ayaqyoluna getməyə icazə vermir, yemək-içmək vermirlər. Sonra Federal Həbsxanalar Bürosuna düşəndə (Tallahassi həbsxanası onun nəzdindədir – red.) bu sənə cənnət kimi görünür. Orada havaya buraxırlar, daha yaxşı yedirirlər. Amma situasiyanı obyektiv qiymətləndirəndə - orada adamlar hədsiz uzun müddət saxlanılırlar. Çox az qanun pozuntusuna görə Amerika bol-bol iş verir.
Orada heç bir düzəliş olmur, insanları sadəcə qul kimi işləməyə göndərirlər. Üstəlik, onlara orada lazımi tibbi yardım, normal qida verilmir.
- Həbsxanadakı işiniz nədən ibarət idi?
- Mən könüllü riyaziyyat müəllimi idim. Ehtiyacı olanlara riyaziyyat öyrədirdim. Amerikada bizdəki Vahid Dövlət İmtahanı kimi imtahan var. Həbsdə olanların böyük əksəriyyətinin heç bir təhsili yoxdur. Bizim aşağı-orta yaş siniflərimizdə oxuyan şagirdlər oradakı 30-40 yaşlı qızlardan daha çox bilirlər. Onlar heç vurma-bölməni də bilmirlər. Yeri gəlmişkən, onlar orada indi ruslar kimi bölürlər. Yəni mən onlara öz bildiyim kimi öyrətmişəm. Mənim bütün tələbələrim dediyim imtahanı verdilər. Onlardan çox sevinirdim, çünki imtahanı həbsdə ola-ola vermisənsə, həbs müddətinin hər ilindən 7 gün çıxırlar. Bu, böyük şeydir.
- Sizin həbs müddətinizi niyə azaltdılar?
- Həm təhsilimə, həm də yaxşı davranışıma görə güzəştə getdilər. Ümumiyyətlə, heç bir qayda pozuntum olmamışdı. Mən daha çox idmanla məşğul olur, işləyirdim. Qabyuma otağında, xidmət xəttində işləyirdim. Dondurulmuş toyuq olan yük maşınlarını da boşaldırdıq.
- Əgər işdən imtina etmək mümkün deyildisə, o zaman nəsə başqa bir iş seçməyə icazə vardı?
- Hə, belə olurdu. Amma ilk 120 gün sən mətbəxdə işləməli idin. Bu, mütləq idi. Seçimsiz seçim idi.
Ancaq əgər təhsilin varsa... Mən bütün bu müddət ərzində təhsil sahəsində işləyə bilərdim. Amma mən mətbəxdə işi seçdim. Çünki mənim üçün vaxt əlverişli idi. Həm də mən onsuz da təhsilə kömək edirdim.
Yeri gəlmişkən, qabyuyanlara daha çox pul verirlər. Əgər sən müəllimlik edirsənsə, sənə 17 dollar verirlər, qab yumaqla isə 28.80 alırdım. Bu da prinsip məsələsi idi.
- Boş vaxtınız nəyə çatırdı?
- Oxumağa. Əgər mən təhsilə yönəlsəydim, bu, bütün vaxtımı alacaqdı. Qabyumada isə mən ancaq nahar və şam vaxtı işləyirdim. Bu, təhsildə bütün gün kağız-kuğuzla işləməkdən çətin idi, əvəzində mənim boş vaxtım olurdu.
Anama söz vermişdim ki, sağlamlığımı bərpa edəcəm. Məni izolyatordan sonra İsgəndəriyyədən köçürəndə özümü pis hiss edirdim – gün üzü görmürdüm, vitamin almırdım. Ayaqlarım göy rəngdə idi. Çox pis vəziyyətdə idim. Səhhətim tamamilə korlanmışdı. Amma Tallahassiyə gələndə bütün vaxtımı idmana həsr elədim, hər səhər qaçırdım. Çoxlu oxuyurdum. Bərpa olunmaq alındı. Yaddaşım qayıtdı (yaddaşımla problemim vardı), görmə qabiliyyətim yaxşılaşdı, bir az əzələlərim çıxdı. Nə isə ki, qayıtdım. Bir dəri-bir sümük qalmışdım, amma sonra az da olsa, özümü qaydaya saldım.
- Kiminləsə dost ola bilmişdiniz?
- Ən yaxşı rəfiqəm Tallahassidədir. Demək olar ki, onunla bütün vaxtımızı birlikdə keçirirdik. Bu, yaşlı qadındır, yaşı 60-dan çoxdur, dini inanc barədə mənəvi bağlarım var. Biz Bibliyanı birlikdə öyrənərək xeyli vaxt keçirirdik. O mənim üçün qoruyucu mələk kimidir. Çox ümid edirəm ki, nə vaxtsa azad olunsa, buraya gəlib mənim ailəmlə tanış olacaq. O mənim üçün əsl tərbiyəçi və demək olar ki, ikinci ana oldu. Onun adı Finlandiyadır. Təsəvvür edirsiz?
- Necə tapışdınız: Finlandiya və Rusiya?
- Yeri gəlmişkən, bəziləri mənim adımı yadda saxlamırdılar, çünki oradakıların əksəriyyəti Meksika əsilli, latinoslar idi, çoxunun da adı Mariya, ona görə də mənə “Raşa” (Russia) deyirdilər. Raşa, bura gəl! Odur ki, belə, Finlandiya və Rusiya.
- Məhbuslar sizin haqqınızda bilirdilər? Tanıyırdılar?
- Əvvəl Tallahassidə mənə qarşı gərgin münasibət vardı, çünki hamı bütün xəbərləri izləyirdi. Bizdə rus casus var və s... Amma sonra hər şey bərqərar oldu, çünki hamı sadəcə KİV izləmir ki...
Yəqin, əsas o idi ki, mənə cəmi 18 ay iş kəsmişdilər. Hər şey elə bundan başladı. Sonra mənim dostum Ceyms Benford məni müdafiə edən məqalə yazdı. Bu məqalə həbsxanada peyda olanda əlyazısı kimi əldən-ələ gəzdi. Sonra mühafizəçilər yaxınlaşıb deyirdilər ki, iş heç də göründüyü kimi deyilmiş, deyəsən, onları aldadıblar. Çox ümid edirəm ki, sadə amerikalılar mənim işimlə bağlı onların alçaqcasına aldadıldığını dərk edirlər.
- Həbsxana işçiləri özlərini necə aparırdılar? Sizi hamıdan ayırırdılar?
- Fərqli olurdu. Elə adamlar var ki, onlara çox hörmət edirəm. Necə də olsa, bu, çətin işdir. Amma elələri də vardı ki, onların məhbuslara qarşı münasibəti iyrənc idi.
Biz qutuları boşaldırdıq. Qadınlar belə ağırlıq qaldırmamalıdırlar. Sonra mənim belim ağrıyırdı. Amma mühafizəçi ayaqqabısının burnu ilə qutunu göstərib deyirdi: “Butina, bax bu qutunu apar, o tərəfə qoy”. Yekə kişi idi. Ayıb deyildimi?
Cümə günü mətbəxdə məhbusları sayanda mühafizəçilərdən biri var-gəl edirdi, yəqin, hamının vəzifə borcunu yerinə yetirmədiyinə görə kefi yox idi. Gəzişib yanımıza yaxınlaşdı, sonra isə bir də belə hal təkrarlanarsa, hər birimizə ayrılıqda təcavüz edəcəyi ilə hədələdi. Məgər qadınlara belə demək olar?
- Bu hadisələr sizi necə dəyişdi?
- Mən çox sadəlövh idim. Özü də mən tək deyiləm. İnsanlar pərvanə şama yığışan kimi Qərbə üz tuturlar. Ora belə gözəldir, ora ayrı aləmdir, başqa ölkədir, başqa həyatdır... Ancaq hər ölkənin öz problemləri var. Həyatda tutunacağımız tək istiqamət Allaha inamdır. Bir də, yəqin ki, ətrafını dəyişməlisən. Mən bunu özüm üçün dərk elədim.
- Amerikaya, amerikalılara qarşı incikliyiniz var?
- Yox. Çünki hesab edirəm ki, bizim Amerika xalqına rəhmimiz gəlməlidir. Çünki onlar öz ölkələrini itirirlər. Onlarda ədalət sistemi yoxdur. Onlarda irqçilik çiçəklənir. Mən başqa millətdən olsaydım, heç baxmazdılar da. Amma mən rusam.
- Deyirlər, çoxlu əlyazmalarınız var. O nədir?
- Həbsdə olduğum hər günü yazırdım. İndiyədək 1100 səhifə yazmışam. Tualet kağızında, sənədlərin arxasında - əlimə düşən hər şeydə yazırdım.
Mən bizim psixikanın xüsusiyyətlərini bilirəm: vaxt keçdikcə hər şey yumşalır, ən ağrılı olan itir, ona görə hər gün baş verən hər şeyi yazırdım.
Yəqin, hansısa icazə alaram. Memuar yazmaq hələ mənimçün tezdir, amma mən müəyyən bir layihə üzərində işləyirəm. Çox yaradıcı bir işdir.
- Bütün Rusiyanın diqqəti üzərinizdədir, ulduzluq, şöhrət hissi varmı?
- Məsuliyyət hissi var. İndiyədək mən hər şey deyə, hətta rəvayət danışa bilərdim. İndi isə, bu qədər diqqət altında olarkən, ən qorxulu şey – səhv etməkdir.