CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dağlar qapısı"nın əcdadlarımıza qucaq açan mağaraları: burada çox sirlər yatır

"Vaxtilə bu ərazilər ağaclıq olub. Orada yaşayan insanlar ağaclardan istifadə edərək mağaralara çıxırmışlar. Sonra isə ağaclar tədriclə məhv oldu"
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. "Yolun üstündə olan o mağara əvvəl çox iri olub. Lerik-Zuvand yolu əvvəl başqa yerdən keçirdi. Sonra dağın bir hissəsini partladıb yolu da buradan saldılar. Ona görə də indi mağaranın kiçik bir hissəsi qalıb və elə "Yolüstü mağara" adlanır".

Lerik rayonunda yerləşən mağaralar haqqında Sputnik Azərbaycan-a Əliheydər Əliyev danışır. Xatırladaq ki, Ə.Əliyev Lerik rayonunun tarixini müstəqil araşdıran təqaüdçü müəllimdir.

"Dağlar qapısı"nın əcdadlarımıza qucaq açan mağaraları: burada çox sirlər yatır

- Bu mağaranın sol tərəfində və bir qədər yüksəklikdə isə ondan da xırda iki mağara var. Bu mağaralar da qədim yaşayış məskənləri olub. Amma indi yuxarıdakı mağaralara çıxıb-düşmək üçün mütləq kəndir lazımdır. Vaxtilə bu ərazilər ağaclıq olub. Orada yaşayan insanlar da yəqin ki, ağaclardan istifadə edərək mağaralara çıxırmışlar. Ağaclar tədriclə məhv olandan sonra isə yalnız kəndir vasitəsilə yuxarıdakı mağaralara qalxıb-enmək olur.

"Dağlar qapısı"nın əcdadlarımıza qucaq açan mağaraları: burada çox sirlər yatır

 - Əliheydər müəllim, "Yolüstü mağara"nın təxminən nə qədər yaşı olar?

 - Onların yaşı haqqında bir söz deyə bilmərəm. Amma bu yerlər yaranandan mağaralar yaşayış məskəni olub. Orada insanlar qəbilə şəklində yaşayıblar və hər qəbilənin də öz mağarası olub. Bunlar "Yolüstü mağara", ondan yuxarıda "Hıli də", Cinlər, Kəklik, Büzeyir, Əşrəf, Həzi, Məməcə mağaralarıdır. Büzeyir mağarası lap əvvəllər "Təblənuc" adlanıb. Bu, talış dilindən tərcümədə təblə - tövlə, nuc isə sıra ilə bağlamaq deməkdir.

"Dağlar qapısı"nın əcdadlarımıza qucaq açan mağaraları: burada çox sirlər yatır

Bütün bu mağaralar biri-birlərinə yaxın ərazilərdə yerləşir. Mən hamısını qarış-qarış gəzmişəm. Onları ona görə qədim yaşayış məskənləri adlandırıram ki, bu mağaralarda çoxlu qədim əmək alətlərinə rast gəlinir. Mən o mağaralardan ortası deşilmiş daş, insan skeleti, qədim məişət alətinin taxta dəstəyini tapmışam.

- Bir mağaranın adı diqqətimi çəkdi - "Hıli də"...

"Dağlar qapısı"nın əcdadlarımıza qucaq açan mağaraları: burada çox sirlər yatır

- "Hıli də" - talış dilindən tərcümədə "dərədə dəlik" deməkdir.  O mağarada böyük bir qəbir aşkarladım. Qəbirdə iri küp vardı. Onun qalıqlarını birləşdirib aparıb məktəbdəki muzeydə saxlayıram. Həmin mağaralarda sapand daşları və külli miqdarda saxsı qab qırıntıları aşkar eləmişəm. Hətta Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bu mağaralardan 4-5 qutu qədim saxsı qab qırıntıları tapıblar. Bu əraziləri ilk tədqiq edənlərdən biri də professor İdeal Nərimanov olub. Amma bildiyim qədərilə, o, mağaraları tam tədqiq etməyib. Xarici ölkələrdən də arxeoloqlar gəlib Lerik mağaralarına baxıblar. Daha çox "Hıli də" ilə Büzeyir mağarası tədqiq olunub.

- Bu ərazilər niyə "Mələton" adlanır?

- Bu yerlər əvvəllər meşəlik olub və hər növ vəhşi heyvanlar yaşayıb. Elə indi də bu ərazilərdə vaşaq var. "Mələton" isə heyvanların ulaşması, mələşməsi deməkdir. Mən bir dəfə yeniyetmə vaxtlarımda qoyunlarımızı otlaqdan gətirəndə "Perikoç" mağarasında gecələməli oldum. ("Perikoç" talışca "Yuxarı mağara" deməkdir - red.) Həmin vaxt bir vaşağın vahiməli şəkildə ulamasını gördüm. Yəqin, elə buralar da heyvanların ulaması, mələşməsinə görə belə adlandırılıb. Buranın ikinci adı isə "Dağlar qapısı"dır.