Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Bakıda anası tərəfindən zəncirlənən uşaq dövlət sığınacağından anasına qaytarılıb. Bu barədə Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin sektorunun müdiri Seymur Məmmədov məlumat verib.
O bildirib ki, bir müddət öncə ana və digər iki övladı da psixoloji müalicə üçün sığınacağa yerləşdiriliblər. Uşağın cəmiyyətə reinteqrasiyası, psixoloji müalicəsi ilə yanaşı, sığınacaqda sosial problemləri istiqamətində də tədbirlər həyata keçirilib. Daha sonra uşaq anaya qaytarılıb.
Qeyd edək ki, övladını zəncirləyən qadın üç uşaq anasıdır. Onun digər iki övladı anasının himayəsində yaşayır. Uşağın anası tərəfindən zəncirlənməsi faktı bu ilin avqust ayında qeydə alınmışdı. Ana öz övladını çətin tərbiyə olunan uşaq olduğu və işə getdiyi üçün zəncirləməyə məcbur olduğunu söyləmişdi.