BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə daxil olmuş növbəti məlumat əsasında AQTA tərəfindən Sumqayıtda vətəndaş Rəhimov Famin Əfrasiyab oğluna məxsus "Pompey" ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən "Ordubad" supermarketində monitorinq keçirilib.
Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq zamanı süd məhsulları olan bölmənin vitrinində mənşəyi məlum olmayan, etiketlənməyə dair tələbləri (məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanılma şərtləri, istehsalçının adı, ünvanı) qeyd edilməyən "Alman pendiri", "Bərdə pendiri", "İsmayıllı pendiri" adları altında satılan, ümumi çəkisi 292,8 kq olan pendir və 29,5 kq şor aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək məhsulların normaya uyğun olmadığı aşkarlanıb. Aşkarlanan nöqsanlar əsasında, qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına görə müəssisənin rəhbəri barədə inzibati protokol tərtib edilib, həmin məhsullar satışdan çıxarılıb.