MƏDƏNİYYƏT

Xumar Qədimova Nəsiminin xətrinə digər işlərini təxirə salıb

Azərbaycanın digər populyar müğənnisi Xumar Qədimova da İmadəddin Nəsiminin yaradıcılığına müraciət edib
Sputnik

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti Xumar Qədimova dahi Azərbаycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yeni layihəsini ictimaiyyətə təqdim edib.

Xumar Qədimovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onun təqdim etdiyi "Neylərəm" mahnısının sözləri, şairin eyni adlı qəzəlindən götürülüb. Kompozisiyanı Əvəz Muradov və Bəxtiyar Həsənov aranjeman edib. Klipdə gənc aktyor Səfa Mehti çəkilib.

"Buna qədər mən Hüseyn Cavid, Almas Yıldırım, Rəsul Rza, Xəlil Rza, Bəxtiyar Vahabzadənin yaradıcılığına müraciət etmişəm. Artıq yarım ildir ki, Məmmədhüseyn Şəhriyarın sözlərinə bəstələnmiş "Yar qasidi" kompozisiyası üzərində işləyirəm. Mən çoxdandır Nəsimiyə həsr olunmuş layihəni həyata keçirmək istəyirdim", - deyə Qədimova bildirib.

Müğənni şairin ən çox sevilən "Neylərəm" qəzəli üzərində dayanıb. 2019-cu ildə Nəsiminin 650 yaşı qeyd olunduğundan, bu layihənin xətrinə müğənni digər işlərini təxirə salıb və özünü tamamilə bu kompozisiyaya həsr edib.

Xumar Qədimova gənc yaşlarından oxumağa başlayıb. O, əsasən Azərbaycanın məşhur şairlərinin şeirlərinə mahnı qoşur.