Qoşulmama Hərəkatı inkişaf etməkdə olan ölkələrə dəstək verməlidir – Berdiməhəmmədov

Berdiməhəmmədov vurğulayıb ki, Türkmənistan BMT-nin Baş Assambleyasının qəbul etdiyi bütün qərarları qəbul edir
Sputnik

BAKI, 25 oktyabr - Sputnik. Türkmənistan hesab edir ki, Qoşulmama Hərəkatı olaraq atdığımız addımlar, qəbul etdiyimiz qərarlar bu gün də aktuallığını itirmir. Dünya birliyi bizi qlobal təhlükəsizlik üçün çalışan təşkilat kimi qəbul etməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının bu gün Bakıda keçirilən Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Berdiməhəmmədov vurğulayıb ki, Türkmənistan BMT-nin Baş Assambleyasının qəbul etdiyi bütün qərarları qəbul edir: “Terrorçulağa qarşı mübarizə qlobal çağırışlardan biridir. Türkmənistan qəti şəkildə BMT-nin qlobal anti-terror siyasəti keçirməsinin tərəfdarıdır. Bu gün mühüm çağırışlardan biri Qoşulmama Hərəkatının qlobal iqtisadiyyatda iştirak etməsidir. Biz hesab edirik ki, Qoşulmama Hərəkatı ümumi mövqedən çıxış edərək inkişaf etməkdə olan ölkələrə dəstək verməlidir. Biz məsuliyyətli formada öz iqtisadi gündəliyimizi təşviq etməliyik. Biz dövlətlər olaraq qlobal enerji təhlükəsizliyinin davamlı şəkildə formalaşdırılmasında iştirak etməliyik”.

Türkmənistan Prezidenti öz çıxışında eyni zamanda qeyd edib ki, Xəzər dənizinin ekoloji mühitinin qorunması olduqca önəmlidir.

Qeyd edək ki, Qoşulmama Hərəkatında sədrlik Venesueladan Azərbaycana keçib. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin, yekdilliklə Qoşulmama Hərəkatının hökumət və dövlət başçılarının 18-ci Zirvə Görüşünün sədri seçilib. Xatırladaq ki, Qoşulmama Hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb İttifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərinin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.