MƏDƏNİYYƏT

Bir sənətkarı daha necə sevmək olar: Müslümün fanatları Rusiyadan Bakıya axışdı

Dünya şöhrətli azərbaycanlı sənətkarın anım gününü qeyd etmək üçün təkcə Azərbaycandan deyil, Rusiyadan da çoxsaylı pərəstişkarları onun Fəxri xiyabandakı məzarı önünə toplaşıb.
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. Müslüm Maqomayev nəinki pərəstişkarlarına diqqətlə yanaşırdı, hətta onlarla görüşmək üçün yolpullarını da özü verirdi.

Bunu Sputnik Azərbaycan-a müsahibəsində SSRİ xalq artistinin anım günü ilə əlaqədar Bakıya gəlmiş fanatlarından biri deyib. O, oktyabrın 25-də Müslüm Maqomayevin xatirəsini yad etmək üçün Fəxri Xiyabana yollanıb. Xiyabanda böyük azərbaycanlının xatirəsinin yad edilməsilə bağlı keçirilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, M.Maqomayev adına 26 №-li musiqi məktəbinin şagirdləri, mərhumun dostları və əksəriyyətini rusiyalıların təşkil etdiyi pərəstişkarları iştirak edib.

Rusiyalı fanatları tədbirin rəsmi hissəsi başlayana qədər müğənninin abidəsini ziyarət edərək onun üçün gətirdikləri gül dəstəsini qoyublar. Maqomayevin qəbri böyük həcmdə gül dəstələri, eləcə də müxtəlif dövlət qurumları və pərəstişkarlarının gətirdikləri gül çələngləri sayəsində güllüyü xatırladıb. Pərəstişkarlar bir-biriləri ilə ifaçı barədə xatirələrini bölüşüblər və onunla birgə şəkillərini göstəriblər.

Bir sənətkarı daha necə sevmək olar: Müslümün fanatları Rusiyadan Bakıya axışdı

Onlardan biri İrina Yermokova öz sevimli kumirinin xatirəsini yad etmək üçün artıq üçüncü dəfədir ki, Bakıya gəlir. Onun müğənni ilə şəxsi tanışlığı olmayıb. Realda onu cəmi bir dəfə Moskvada, Kreml sarayında keçirilən Azərbaycan mədəniyyəti günlərində görüb. Onun sözlərinə görə, Maqomayev tədbirə tək gəlməyib, onun yanında həyat yoldaşı Tamara Sinyavskaya da olub. Yermokovaya ifaçı ilə görüşmək nəsib olmasa da, onunla bir sırada dayanmaq xoşbəxtliyi nəsib olub və qadın bu anı həyatının ən unudulmaz məqamı hesab edir. İndi də həmin görüşü xatırlayanda, qadının tükləri biz-biz olur. Çünki bu görüş onun üçün o qədər həyəcanverici olub ki.

"Maqomayev nəhəng müğənni idi. Onu heç kim əvəz edə bilməz. Onun təkrarsız səsi var idi və bu səsi hər zaman tanımaq mümkündür. Mən onu həm də ulduzlaşmadığı üçün sevirdim. O, ciddi, öz pərəstişkarlarına diqqətlə yanaşan insan idi. Onların çoxu ilə internet vasitəsilə yazışırdı, hətta onları öz ad gününə dəvət edir və yolpullarını da özü verirdi. Maqomayev həmişə özünü ləyaqətlə aparıb. O böyük sənətkar olmaqla yanaşı, həm də möhtəşəm insan idi", - deyə Yermokova bildirib.

Bir sənətkarı daha necə sevmək olar: Müslümün fanatları Rusiyadan Bakıya axışdı

O, hələ də müğənninin "Sənə minnətdaram", "Mavi əbədiyyət", "Melodiya" kimi məşhur kompozisiyalarını dinləyir. Onun mahnıları içində ən çox sevdiyi isə "Qar üstündə ürək" kompozisiyasıdır. Yermokova bu yaxınlarda Maqomayevin köhnə konsertlərindən birinin lent yazısına baxlb və başa düşüb ki, onun yaddaşında Maqomayev məhz bu konsertdəki obrazı ilə qalıb - ağ kostyumda "Qar üstündə ürək" mahnısını ifa edərkən.

"Mən onun abidəsinə baxanda dərhal o konserti xatrlayıram", - deyə Yermokova göz yaşları içində bildirib. Deyib ki, Bakıdan sonra Maqomayevin Moskvadakı abidəsini də yad etmək niyyətindədir.

Digər rusiyalı pərəstişkarları onun əziz xatirəsinin əbədi olaraq ürəklərində yaşadığını vurğulyaraq, müğənni ilə bağlı xatirələrini bölüşməkdən imtina ediblər.

Maqomayevi yad etmək üçün bakılı Sara Ağayeva da Fəxri Xiyabana gəlib. Onu demək olar ki, müğənninin xatirəsinə həsr olunmuş bütün tədbirlərdə görmək mümkündür. Ağayeva gənc yaşlarından Müslümün fanatı olub.

Bir sənətkarı daha necə sevmək olar: Müslümün fanatları Rusiyadan Bakıya axışdı

"Onun Bakıdakı çıxışını indiyədək xatırlayıram. O, gənc, yaraşıqlı oğlan idi. 1992-ci ildə onunla şəxsən görüşmək və avtoqraf almaq mənə nəsib olub. Mənim hətta onunla birgə şəklim də var. Mən həmişə onun "Mavi əbədiyyət", "Bakı mənim şəhərim" mahnılarına qulaq asıram. Ən çox sevdiyim kompozisiyası isə "Elegiya"dır. Onunla görüşümdə xahiş etdim ki, bu mahnını bütün konsertlərində oxusun", - deyə Ağayeva bildirib.

Tədbirin rəsmi hissəsində xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Rusiya Federasiyasının Azərbaycandakı müvəqqəti işlər vəkili Sergey Stepanov, Müslüm Maqomayevin birinci administratoru İldırım Qasımov çıxış edib. Onların hər biri müğənni ilə bağlı xatirələrini bölüşüblər.

Sonra iştirak edənlərin hamısı əfsanəvi müğənni Müslüm Maqomayevin abidəsi önünə gül dəstələri qoyublar.

Bir sənətkarı daha necə sevmək olar: Müslümün fanatları Rusiyadan Bakıya axışdı

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. Musiqi məktəbinin fortepiano sinfini, sonra isə musiqi məktəbi və Azərbaycan Dövlət Konservatoriyasının vokal siniflərini bitirib. 1963-cü ildə Maqomayev öz konserti ilə Moskvanı fəth edib. Onun uğurları dildən-dilə düşüb. O, təkcə estrada mahnılarını deyil, opera əsərlərini də sərbəst şəkildə ifa edib. 1964-cü ildə Maqomayev Milanın "La Skala" opera teatrına birillik təcrübə toplamağa gedib.

1997-ci ildə Günəş sistemindəki astronomlara 1974 SP1 nömrəsi ilə tanış olan kiçik planetlərdən birinə onun adı verilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci il tarixində 66 yaşında dünyasını dəyişib. O, Bakıdakı Fəxri Xiyabanda dəfn edilib. Əgər yaşasaydı, bu il onun 77 yaşı olacaqdı.