CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya ölkələrinin liderləri Bakıda toplaşırlar

Artıq 158 ölkə və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Sabah Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.

Artıq 158 ölkə və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.

Məmmədyarov: "Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdəki rolunu gücləndirəcəyik"

Sputnik Azərbaycan xəbər verir ki, zirvə görüşündə iştirak etmək üçün xarici ölkələrin liderləri Azərbaycana gəlməyə başlayıblar.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

XVIII Zirvə görüşündə iştirak etmək üçün Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel də Bakıda səfərdədir.

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haen, Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Danq Thi Nqok Thinh, Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaş da Bakıda səfərdədirlər.

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro, Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad, Liviyanın Baş Naziri Faiz Sarac Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana səfərə gəliblər.