BAKI, 24 oktyabr — Sputnik. Zaqatala rayonunun Danaçı kəndində qətl hadisəsi olub. Sputnik Azərbaycan Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Aydın adlı şəxsin həyətində keçirilən toy mərasimində kənd sakinləri 1963-cü il təvəllüdlü Abakar Salam oğlu Zutov, onun oğlu 1991-ci il təvəllüdlü Həmzət Zutov və onların həmkəndlisi 1990-cı il təvəllüdlü Abdul Rəcəb oğlu Ayalov arasında rəqs etmək üstündə dava düşüb.
Məclis iştirakçıları davanın qarşısını alaraq tərəfləri sakitləşdiriblər. Mərasim başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evində yığışıblar. Bu zaman onlar arasında yenidən dava düşüb və nəticədə Abdul Ayalov stolun üstündə olan mətbəx bıçağı ilə Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib. Ağır bıçaq xəsarətləri alan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb, oğlu Həmzət Zutov isə xəstəxanaya yerləşdirilib.
Həmkəndlisini bıçaqlayaraq qətlə yetirən Abdul Ayalov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.