CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol qəzalarında ölümlər azalacaq - üç nazirlik fəaliyyətə keçdi

Yeni qaydalarda qəza baş verərkən avtomobilin içərisindəki şəxslərin çıxardılması, hətta onların daşınmasında hansı xərəklərdən istifadə edilməsinə qədər qeyd edilib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə tədbirləri gücləndiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Yanlış qərarla özü xəstəxanaya, taksi sürücüsü işə düşdü

Dövlət Proqramının 4.0.5. bəndində yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əməkdaşlıq və əlaqələndirmənin gücləndirilməsi məsələsi öz əksini tapıb. Burada qeyd edilib ki, yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əlaqələndirmə gücləndirilməli, vahid çağrı mərkəzi yaradılmalı, yol-nəqliyyat hadisələrinin qeydiyyatı sistemi və ilk tibbi yardım göstərilməsi işi təkmilləşdirilməli, yol-nəqliyyat hadisələrinin müntəzəm baş verdiyi yerlərin – qəza ocaqlarının müəyyən edilməsi və qəzaların səbəblərinin aradan qaldırılması işi təkmilləşdirilməlidir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq yol-nəqliyyat hadisələri ilə bağlı operativ, əlaqələndirilmiş və keyfiyyətli xilasetmə tədbirlərinin görülməsi məqsədilə "Yol-nəqliyyat hadisələri ilə bağlı ümumi xilasetmə fəaliyyətinin təşkili Qaydaları" hazırlanıb, təlimlərin başlanmasına start verilib: "Dövlət Proqramında qeyd edilib ki, yol-nəqliyyat hadisəsi yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatması və daha operativ əlaqələndirməni təmin etmək üçün mütəmadi birgə təlimlər keçirilməlidir. Təlimlər Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Nazirlik yayılan yalan məlumata aydınlıq gətirdi>>

Həmçinin yol-nəqliyyat hadisəsi yerinə təcili və təxirəsalınmaz tibbi yardımın, eləcə də qəza-xilasetmə dəstəsinin çatması və zərərçəkənlərin tibb məntəqələrinə çatdırılması müddətinin azaldılması üçün tədbirlər işlənib hazırlanıb. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları şəbəkəsinin və onlar arasındakı məsafənin optimallaşdırılması, yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə yol-nəqliyyat hadisələrində zərərçəkənlərlə rəftar edilməsi və ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsi işinin təkmilləşdirilməsi qeyd edilib.

Minik avtomobili mikroavtobusla toqquşub, yaralılar var
 Qəza təhlükəli sahələrin və qəza ocaqlarının müəyyən edilməsi, onların siyahısının mütəmadi yenilənməsi və həmin yerlərdə yol hərəkətinin yenidən təşkili və ya digər mümkün üsullarla qəza şəraitinin aradan qaldırılması üçün tədbirlər görülməsi nəzərdə tutulub".

K.Əliyev bildirib ki, bu qaydalar praktiki cəhətdən öz təsdiqini tapacaq: "Hazırlanan qaydalarda yol-nəqliyyat hadisələri ilə bağlı operativ, əlaqələndirilmiş və keyfiyyətli xilasetmə tədbirlərinin görülməsi məsələsi bütün incəlikləri ilə öz əksini tapıb. Bu qaydalarda qəza baş verərkən avtomobilin içərisindəki şəxslərin çıxardılması, hətta onların daşınmasında hansı xərəklərdən istifadə edilməsinə qədər qeyd edilib. Bütün bunlar yol-nəqliyyat hadisələri zamanı keyfiyyətli xilasetmə tədbirlərinin aparılmasına xidmət edən amillərdir. Qaydalarda dərəyə yuvarlanan avtomobilin içərisindəki şəxslərin xüsusi qaydalarla çıxardılması, onlara hansı dərman preparatlarının verilməsi və sair məsələlər öz əksini tapıb. İlin sonuna kimi bu qaydaların tətbiqi ilə bağlı bir neçə təlimin keçirilməsi nəzərdə tutulub".