SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putinlə görüş bəhrə verdi: Türkiyədən Suriya ilə bağlı kritik qərar

Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Türkiyə Suriyadakı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb. Sputnik AzərbaycanAnadolu Agentliyi-nə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu deyib.

Dünən Moskva və Ankara qarşılıqlı anlaşma haqqında memorandum qəbul ediblər.

Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

"Terrorçular haradasa peyda olsalar, hərbçilərimiz onlarla döyüşə girəcəklər. Silahlar, gizlənmə yerləri, mini-tələlər qalmaqdadır – bunların hamısını aradan götürmək lazımdır. Hələ çox iş qalıb. Buna görə də ərazidə qalırıq", - nazir Anadolu Agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, Çavuşoğlunun bu bəyanatından sonra Türkiyə Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib.

Suriyaya dair taleyüklü qərarlar qəbul edildi - Putin

Oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi altı saatlıq danışıqlardan sonra bəyan edib ki, Moskva və Ankara Suriyanın şimalındakı vəziyyətə dair bir sıra razılaşmalara nail olublar. Rusiya lideri bu razılaşmaları "çox vacib, taleyüklü" adlandırıb.

İki ölkə arasında bağlanmış memorandumda prezidentlər Suriyanın birliyinə və ərazi bütövlüyünə, Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiq olduqlarını təsdiq ediblər və Adana razılaşmasına dəstək veriblər.