Ərdoğan Putinlə danışıqların detallarını açdı

"Terrorçular haradasa peyda olsalar, hərbçilərimiz onlarla döyüşə girəcəklər. Hələ çox iş qalıb. Buna görə də ərazidə qalırıq"
Sputnik

 

BAKI, 23 oktyabr — Sputnik. Türkiyə kürd yaraqlılarının Suriya hökumət qüvvələrinin formasını "geyinməsinə" icazə verməyəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"YPG 30 kilometr cənuba getməlidir. Biz Putinlə terror təşkilatı üzvlərinin öz adını dəyişib və rejim (Suriya) forması geyinib bu ərazidə qala bilmə ehtimalını müzakirə etdik. O bildirdi: "Buna imkan verməyəcəyik". Biz bunu izləyəcəyik", - deyə Ərdoğan vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, Türkiyə Suriyadakı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb.

Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

"Terrorçular haradasa peyda olsalar, hərbçilərimiz onlarla döyüşə girəcəklər. Silahlar, gizlənmə yerləri, mini-tələlər qalmaqdadır – bunların hamısını aradan götürmək lazımdır. Hələ çox iş qalıb. Buna görə də ərazidə qalırıq", - nazir Anadolu Agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, Çavuşoğlunun bu bəyanatından sonra Türkiyə Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib.