CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atalar vs oğullar - iş uğrunda mübarizədə dövlət hər ikisindən qazana bilər

Təkcə ABŞ-da bir il ərzində pensiyaya çıxan şəxslərin dövlət büdcəsinə xeyri 8 trilyon dollar olub. Hazırda və gələcəkdə də yaşlı əhalinin dünya iqtisadi aktivliyində fəal rola malik olacağı bildirilir
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. İlk dəfə 2018-ci ildə dünyada yaşlı insanların sayında nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Hesabatlarda son illərdə xüsusən də 65 yaşdan yuxarı olan şəxslərin sayında sürətli artım olduğu vurğulanır. Bundan başqa, təşkilatdan bildirilib ki, yaxın gələcəkdə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Belə ki, onların hesablamalarına görə, 2050-ci ildə yaşı 80-dən yuxarı olan şəxslərin sayı hazırkı rəqəmdən, yəni 149 milyondan 426 milyona çatacaq.

Ayağımızın altında yatan sərvət - Biz ondan da xəbərsizik

Bəzi iqtisadçılar təqaüdçülərin say artımını mənfi tendensiya kimi qiymətləndirirlər. Belə olan halda dövlətlərin sosial proqramlar üçün daha çox vəsait xərcləməli olacağını, onların iş imkanlarını artırmaq, işlə təmin etmək üçün müxtəlif layihələr hazırlamalı olacağı bildirilir. Bu cür şəxslərə xüsusi qayğının göstərilməsi, pensiyaların verilməsi və onların bir yerdə daha uzun müddətli işləməsinin dövlətlərə heç də ucuz başa gəlməyəcəyi proqnozlaşdırılır.

Ən bədbin proqnozlardan biri isə budur ki, yaşlıların uzunmüddətli işləməsi gənclərin iş tapabilmə, işlə təminolunma imkanlarını məhdudlaşdıracaq. Belə olan halda isə bəzi dövlətlər işsizliyə görə gənclərə müavinətlər verməli olacaq.

Lakin araşdırmalar yaşlı insanların dövlət büdcələrinə heç də az fayda vermədiyini göstərir. Qeyd olunur ki, təkcə ABŞ-da hər il ərzində 50 və daha çox yaşı olan şəxslərin iqtisadi aktivliyi 8 trilyon dollar olub. Hazırda və gələcəkdə də yaşlı əhalinin dünya iqtisadi aktivliyində fəal rola malik olacağı bildirilir.

Bu səbəbdəndir ki, indi Almaniyada müxtəlif texnologiya şirkətləri də onlardan daha çox gəlir qazanmaq, bu şəxslərin işdə aktivliyini qoruyub saxlamaq üçün yeni layihələr imzalayır. Maraqlıdır, Azərbaycanda işləyən pensionerlərin büdcəyə faydaları nə qədərdir?

Ölkəmizdə işləyən pensionerlərin sayı 156 min 69 nəfərdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda belə deyilib.

Örtülü bazarın tavanı çökür - İşədüzəltmə şirkətləri nəzarətə götürüləcək>>

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, əmək pensiyaları haqda qanuna dəyişiklik edərkən rəsmi qurumlar yaşlıların pensiya yaşına çatdıqdan sonra işləmə imkanlarının olması ilə bağlı açıqlamalar verdilər: "Bu isə gənclərin iş yeri ilə təmin edilməsində, həmçinin işsizliyin ümumi səviyyəsində müəyyən neqativ halların qeydə alınmasına gətirib çıxarır".

Yaşlı nəslin aktiv fəaliyyətini təmin edəcək bir yanaşma, təşviq mexanizminin olmadığını deyən ekspert bildirir ki, bu gün Avropa ölkələri hətta işə gedib-gəlmək üçün yolda sərf olunan saatların da iş saatına daxil edilməsi istiqamətində addımlar atır, Azərbaycanda isə hələlik təməl problemlər belə həllini tapmayıb:

"Bu gün kafe və çayxanalar yaşlı nəslin nümayəndələri ilə doludur. Onlar özləri üçün ciddi məşğuliyyət tapa bilmirlər. Vəziyyətdən çıxış yolu kimi yaşlılar üçün kifayət qədər fərqli məşğuliyyət növləri yaradıla bilər. Bununla da onların illərdir paslanan bilik və bacarıqlarından istifadə etmək mümkün olar. Belə bir şeyin olması həm də əlavə dəyərin yaradılması deməkdir".

"Hazırda ailə biznesinə yardım üçün ABAD tərəfindən müəyyən işlər görülür. İstedadı olan şəxslər bu işlərə cəlb olunurlar və onların əl işləri müxtəlif sərgilərdə nümayiş olunur. Yaşlılar üçün də belə bir proqramın olması müsbət hal kimi dəyərləndirilə bilərdi. Beləcə, bu şəxslər cəmiyyət üçün yararsız olma düşüncəsindən xilas ola və ölkə büdcəsinə də müəyyən müsbət töhfə verə bilərlər", - deyə o əlavə edir. 

Ekspert bildirir ki, inklüzivliyi təmin etməyə çalışırıqsa, cəmiyyətin bütün sosial qruplarını nəzərə almalıyıq. Pensionerlərin dövlət büdcəsinə faydası isə təxmini belə ola bilər: "Ölkədə 1 milyon 300 mindən artıq pensiyaçı var. Onların 700 minə yaxını yaşa görə pensiyaya çıxanlardır. Yaşa görə pensiyaya çıxanların 36 faizi isə işləyir. Bu isə təxminən 150 minə yaxın bir rəqəmdir. Onların hansı işdə çalışmasından asılı olaraq dövlət büdcəsinə müəyyən töhfələri var. Amma bu şəxslərin dövlət büdcəsinə nə qədər vəsait ödəməsi ilə bağlı dəqiq bir statistika açıqlamaq çətindir.

Qeyd edim ki, Azərbaycanda 65 yaşdan yuxarı olan şəxslər ümumi əhalinin 9.4 faizini təşkil edir. Onlar orta aylıq əmək haqqı şərtləri daxilində çalışmış olsalar, bu, il ərzində 800-900 milyon manat vəsait deməkdir".

Havanı, vaxtı, eni-uzunu da hesabladılar, işəgötürənin qorxusu yaddan çıxdı>>

Təqdirəlayiqdir ki, son illərdə Azərbaycanda yaşlıların işlə təminatı üçün müəyyən addımlar atılır. Bu yönümdə Azərbaycanda "DOST Agentliyi"nin fəaliyyəti nümunədir. DOST İş Mərkəzi yaşı 70-dək olan şəxslərin işlə təminatına şərait yaradır. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin 9 ayında 44 min 875 nəfər ictimai işə cəlb edilib ki, onların da 13 min 512-si yaşı 50-dən, 3 min 905-i isə yaşı 60-dan yuxarı olan şəxslərdir.

Belə şəxslərdən biri də "Malakan" bağında söhbətləşdiyimiz Ramazan Yusubovdur. Pensioner olan Ramazan dayı Azərbaycan Texniki Universitetini bitirib. Qara metallurgiya üzrə mütəxəssisdir: "Əvvəllər neftçi olmuşam. Bir çox yerlərdə, Sumqayıtda müxtəlif zavodlarda işləmişəm. Amma yaşa dolduqca iş tapmaq mənim üçün çətinləşdi. DOST-a müraciət etdikdən sonra artıq bir ildir ki, bağban kimi çalışıram".

"İşim yaşıllıqların, parkların suvarılması, onların alaqdan təmizlənməsidir. Çətin deyil, təxminən 4 saat işləyib, sonra da evə gedirəm", - deyə o əlavə edib.

Atalar vs oğullar - iş uğrunda mübarizədə dövlət hər ikisindən qazana bilər

Ramazan dayı deyir ki, iş prosesində onun ürəyində problemin olması nəzərə alınır və buna görə ağır iş tapşırılmır: "Bir var, evdə boş-bekar oturasan, bir də var ki, gün ərzində bir neçə saat işləyib pul qazanasan".

Söhbət əsnasında R.Yusubovun maaşının 250 manat olduğunu öyrənirik.

Atalar vs oğullar - iş uğrunda mübarizədə dövlət hər ikisindən qazana bilər

İnsanların cəmiyyətə qazanılması baxımından bəzi ölkələrdə qayğıya ehtiyacı olan müəyyən qrupların birgə yaşayışı da təmin edilir. Bu ölkələrdə atılmış yaşlılarla valideynlərin imtina etdiyi körpələr bir evdə, yəni sığınacaqda yaşayırlar. Körpələrə qulluq edərək yenidən həyata sevgi ilə baxan bu yaşlılar dayəliyə görə ayrıca əmək haqqı da alırlar.

Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin ("Qocalar evi") rəhbəri Qətibə Əsədova Sputnik Azərbaycan-a açıqlamasında bunun müsbət tendensiya olduğunu bildirib:

"Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ailəsi tərəfindən atılan bu cür şəxslərin, yəni qocalarla körpələrin birgə yaşayışının təmini çox gözəl bir addım olardı. Qocanın nəvəyə, nəvənin də böyük bir sevgiyə ehtiyacı var axı! Düşünün, 80 yaşlı baba bir kimsəsiz körpəni bağrına basanda hansı hissləri keçirir?!"

Söhbət əsnasında həmçinin öyrənirik ki, "Qocalar evi"nin 10 sakini artıq "DOST Agentliyi" tərəfindən işlə təmin olunub. Yaşı 65-72 arası olan bu şəxslər "Qocalar evi"ndə bağban, süpürgəçi kimi çalışaraq əmək haqqı alırlar. Elə bir müddət öncə qeyd olunan ünvana baş çəkdiyimizdə də bu şəxslərin həyət-bacaya baxdıqlarını, yaşıllıqlara qulluq etdiklərini gördük. Qətibə xanım deyir ki, həyətlərin güllü-çüçəkli, təmiz olması onların əməyinin, alın tərinin nəticəsidir.

Qeyd edək ki, Azərbaycanda pensiya təminatı ilə əhatə olunan şəxslərin 57 faizi (763 260 nəfər) qadınlar, 43 faizi (587 420 nəfər) kişilərdir. O cümlədən, yaşa görə pensiyaçıların 492 315 nəfərini qadınlar və 262 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 308 nəfərini qadınlar və 202 697 nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 637 nəfərini qadınlar və 122 226 nəfərini kişilər təşkil edir.