RUSİYA

Suriyaya dair taleyüklü qərarlar qəbul edildi - Putin

Prezidentlərin görüşü sonrası Rusiya ilə Türkiyə arasında Suriya münaqişəsi ilə bağlı birgə Memorandum imzalanıb
Sputnik

BAKI, 22 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi 6 saatlıq danışıqlardan sonra bəyan edib ki, Moskva və Ankara Suriyanın şimalındakı vəziyyətə dair bir sıra razılaşmalara nail olublar.

Bu razılaşmaları Rusiya lideri "çox vacib, taleyüklü" adlandırıb.

Putin və Ərdoğan Soçidə bir araya gəldilər

İki ölkə arasında bağlanmış Memorandumda prezidentlər Suriyanın birliyinə və ərazi bütövlüyünə, Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiq olduqlarını təsdiq ediblər və Adana razılaşmasına dəstək veriblər.

Qeyd olunur ki, "Sülh bulağı" əməliyyatı rayonundakı Tell-Abyad və Ras-el-Ayn arasında 32 km dərinlikdə mövcud status-kvo qorunub saxlanacaq.
Moskva və Ankara razılaşıblar ki, Türkiyənin əməliyyat keçirdiyi ərazidən kənardakı zonaya oktyabrın 23-ü saat 12-dən etibarən Suriya hərbçiləri və Rusiya hərbi polisi daxil olacaq. Onlar kürd silahlı qüvvələrinin və onların silahlarının sərhəddən 30 km kənarlaşdırılmasına yardım edəcəklər. Bu əməliyyat 150 saat ərzində həyata keçirilməlidir.

Həmin andan etibarən sərhəddən 10 km məsafədə "Sülh bulağı" əməliyyatı keçirilən rayondan qərbə və şərqə Rusiya-Türkiyə qüvvələri patrul çəkəcəklər. Bu patrul Kamışlı şəhərinə aid edilməyəcək.

Memoranduma əsasən, kürd silahlıları Mənbic və Tell-Rifatdan çıxarılacaq.

Ərdoğan Putinlə görüşündən danışdı – Növbəti addımı atacağıq

Memorandum Moskva və Ankaranın terrorçuların Suriya-Türkiyə sərhəddindən keçməməsi üçün tədbirlər görməsini və qaçqınların təhlükəsiz və könüllü geri qayıtmasına səy göstərməsini nəzərdə tutur.

Həmçinin bu iki dövlət Suriyaya dair memorandumun icrasına nəzarət üçün birgə mexanizmin yaradılması barədə razılaşıblar.

Sonda sənəddə vurğulanır ki, hər iki tərəf Suriya münaqişəsinin Astana prosesi çərçivəsində siyasi həllinin tapılması üzərində işləməyə davam edəcəklər və Konstitusiya komitəsinin fəaliyyətini dəstəkləyəcəklər.