BAKI, 22 oktyabr — Sputnik. Suriyadan çıxarılan Birləşmiş Ştatlar hərbçiləri İraq ərazisini tərk etməlidirlər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının yaydığı məlumatda bildirilir.
"Onlar İraqı tərk edə bilmək üçün İraq Kürdüstanı regionuna giriş icazəsi alıblar. ABŞ hərbçilərinə İraqda qalmaları üçün heç bir razılıq verilməyib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl Pentaqon rəhbəri Mark Esper bəyan etmişdi ki, Suriyadan çıxarılan 1000-ə yaxın ABŞ hərbçisi İraqın qərbində yerləşdiriləcək.