Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 22 oktyabr — Sputnik. "Avtomobil qəzaları zamanı Dövlət Yol Polisindən (DYP) alınan "Forma 4" arayışının artıq elektron qaydada verilməsinə başlanılıb. Uzun müddətdir sığorta şirkətlərinin və sığortalıların gözlədiyi layihə nəhayət tamamlanaraq istifadəyə verilib. Artıq sistem tam fəaliyyətdədir və sığorta şirkətləri ilə İcbari Sığorta Bürosu arasında inteqrasiya yekunlaşıb. Bundan sonra baş verən hadisə dərhal mərkəzi informasiya sisteminə toplanacaq".
"Forma 4" arayışının elektron qaydada verilməsini iqtisadçı-ekspert Əli Əhmədov şərh edib.
O bildirib ki, "Forma 4" qəza hadisəsi ilə bağlı yol polisinin verdiyi arayışdır: "Bu sənəddə qəza hadisəsinin necə baş verdiyi, günahkarın kim olması göstərilir. Qəza zamanı sığorta ödənişinə görə lazım olan "Forma 4" arayışını almaq üçün artıq heç yerə getməyə ehtiyac yoxdur. Bu arayışın verilmə müddəti 10 gündür və bir sıra hallarda bu sənədin verilməsi ləngiyirdi. Əslində bu sənədi vətəndaş, yəni avtomobilin sahibi deyil, sığorta şirkət özü almalıdır. İndi isə bu proses aradan qalxır. Bir çox hallarda süründürməçilik, sui-istifadə halları olurdu. Nəticədə zərərçəkənin ödənişi alması gecikir, bəzən isə mümkün olmurdu. Artıq qəza baş verəndə hadisə barədə məlumat, yəni "Forma 4" 10 gün ərzində internetə, sistemə yüklənəcək. Yəni artıq sürücülərin bu sənədi almaq üçün harasa getməsinə ehtiyac qalmayacaq".
O qeyd edib ki, "Forma 4" həmişə lazım olmur: "Əgər qəza nəticəsində dəyən zərər 1000 manata qədərdirsə, qəzanın necə baş verməsi ilə bağlı mübahisə yoxdursa, "Forma 4" tələb olunmur, yəni sığorta şirkəti bu sənədi tələb etməyə bilər. Digər hallarda isə bu sənəd tələb olunur. Əsas üstünlük budur ki, "Forma 4" arayışının elektron qaydada verilməsi ilə tərəflər arasında birbaşa kontakt olmayacaq, hər şey internet üzərindən olacaq".
Sığorta eksperti Nicat Əlibəyli də Sputnik Azərbaycan-a deyib ki, əvvəllər "Forma 4"ü zərərçəkənlər özləri alıb gətirirdilər və yaxud da DYP rəsmiləri poçt vasitəsilə sənədi sığorta şirkətlərinə göndərirdilər: "Amma bundan sonra sənəd elektron qaydada veriləcək. Mövcud qanunvericiliyə görə, sənəd 10 gün ərzində verilməlidir. "Forma 4" nə qədər tez verilsə, vətəndaş, yəni zərərçəkmiş bir o qədər pulunu tez alacaq".