SƏHİYYƏ

Xərçəngə qarşı əlac artıq Bakıda - Yüz minlər yaşayacaq

"Gardasil 4" vaksini təkcə qadınları uşaqlıq boynu xərçəngindən qorumur. Kişilər üçün də bu vaksindən istifadə vacibdir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanda uşaqlıq boynu xərçənginə qarşı peyvəndin tətbiqinə başlanılıb.  

Hər il dünyada 528 min yeni uşaqlıq boynu xərçəngi xəstəsinin qeydə alındığını və bu xəstəlikdən 266 min insanın öldüyünü nəzərə alsaq, yenilik bir çox qadınlar üçün ümid yeri olacaq. Peyvənd barədə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin mama-ginekoloqu Nərgiz Zeynal Sputnik Azərbaycan-a geniş açıqlama verib.

- Nərgiz xanım, əldə etdiyimiz məlumatlara görə, hazırda Milli Onkologiya Mərkəzində uşaqlıq boynu xərçənginə qarşı vaksin tətbiq edilir. Öncə gəlin bu vaksin, onun tətbiqi barədə oxucularımıza məlumat verək.

- Bəli, artıq Milli Onkologiya Mərkəzində (MOM) İnsanın Papilloma Virusu (Human Papilloma Virus, İPV) vaksinin tətbiqinə başlanılıbdır. Uşaqlıq boynu xərçəngi İPV-nin müəyyən tipləri nəticəsində inkişaf edir. İPV-nin iki növü - 16 və 18 - uşaqlıq boynunun xərçənginə səbəb olur. Bəzən xərçəngə qarşı vaksin insanların təəccübünə səbəb olur. Amma qeyd edim ki, bizim tətbiq etdiyimiz vaksin xərçəngin bütün növlərinə qarşı olan peyvənd deyildir. İPV-nin dörd növünə qarşı vaksinlər bir çox ölkələrdə istifadə üçün təsdiq edilibdir. Artıq qardaş Türkiyədə də uşaqlıq boynu xərçənginə qarşı peyvənd vurulur. Məlumdur ki, onkoloji xəstəliklərin müayinəsi və müalicəsi ilə bağlı Milli Onkologiya Mərkəzində geniş imkanlar var. MOM həm müasir tibbi avadanlıq, həmçinin də peşəkar kadrlar baxımından regionda ən keyfiyyətli onkoloji tibbi xidmət göstərən səhiyyə müəssisələrindən biridir. Biz də bu imkanlardan bəhrələnərək İPV-yə qarşı peyvəndin ölkəmizdə tətbiqinə başlamağa qərar verdik. Qeyd edim ki, süd vəzi xərçəngindən sonra dünyada qadınlar arasında ən çox rast gəlinən uşaqlıq boynu xərçəngidir. Uşaqlıq boynu xərçəngi qadınlar arasında 4-cü ən çox rast gəlinən xərçəng növü sayılır. Hər il dünyada bu xərçəngdən yüz minlərlə qadın həyatını itirir.

Xərçəngə qarşı əlac artıq Bakıda - Yüz minlər yaşayacaq

- Uşaqlıq boynu xərçənginə qarşı peyvəndin tətbiqi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də tövsiyə edilir. Bir sıra ölkələr kimi, Azərbaycanda da hələ ki İPV vaksini peyvənd təqviminə daxil deyil. Bu peyvəndin Azərbaycana gətirilərək tətbiqi, demək olar ki, yenilikdir. Peyvənd hansı yaş kateqoriyasında insanlara tətbiq edilir?

- Bu peyvənd əvvəllər 11-12 yaşlı uşaqlara və 26 yaşa qədər qadınlara tövsiyə edilirdi. Hazırda isə peyvənd 9 yaşdan 46 yaşa qədər effektli sayılır. Bir çox inkişaf etmiş ölkələrdə papillomavirusa qarşı vaksinasiya artıq uzun müddətdir ki, istifadə olunur və çox yaxşı nəticələr verir. Alimlərin araşdırmaları təsdiqləyir ki, dünyada İPV-yə qarşı vaksinasiya kütləvi şəkildə tətbiq olunduğu halda 25-30 ildən sonra uşaqlıq boynu xərçəngi kəskin azala bilər. Bu vaksin 70 faizə qədər insanı İPV virusuna yoluxmaqdan qoruyur. Yüksək riskli İPV viruslarına daxil olan 16 və 18-ci növlər 70%-dən daha çox uşaqlıq yolu xərçənginə səbəb olur.

- Peyvəndi vurdurmaq istəyən pasiyentlər sizə müraciət etdikdə hansı müayinələrdən keçməlidirlər?

- Biz müraciət edən xəstələri "pap smear" testindən keçiririk. Bu testi ildə 1 dəfə 40 yaşını adlamış hər qadının elətdirməsi məsləhət görülür. Kiçik çubuq vasitəsilə uşaqlıq boynundan yaxma götürülür, sonra müayinə aparılır. 

- Bir qədər də peyvənd barədə məlumat verərdiniz...

- Bizim istifadə etdiyimiz "Gardasil 4" vaksinidir. Azərbaycanda yalniz eksklüziv olaraq bizdə təşkil olunub. Vaksindən istifadədə 9-45 yaş ən effektiv dövr sayılır. HPV 16.11.9.18 növlərinə qarşı dayanıqlı immunitet yaradır. Anal, kondiloma (papilloma), vulvada, vaginada və uşaqlıq boynunda yaranan xərcəngönü xəstəliklərdən goruyur.

- Demək olarmı ki, bu peyvəndi vurduran pasiyent uşaqlıq boynu xərçəngindən sığortalanıb?

- Bu vaksin 10 il müddətində İPV-nin dörd növünə qarşı immunitet yaradır. Amma pasiyenti illik rutin olan "pap smear" skrininqdən sığortalamır. Mütləq pasiyent illik "pap smear" müayinəsindən keçməlidir.

Xərçəngə qarşı əlac artıq Bakıda - Yüz minlər yaşayacaq

- Oxucularımız üçün də yəqin ki, maraqlı olar… Bu peyvəndi qadınların subay vaxtı vurdurması məsləhətdir, yoxsa ailə qurduqdan sonra?

- Subay vaxtı vurulması daha effektlidir. Amma ilk cinsi əlaqədən sonra da vurdurula bilər. Yeri gəlmişkən, kişilər də bu peyvəndi vurdurmalıdırlar, çünki o, ümumilikdə cinsi orqanın xərçəngindən də qoruyur. 

- İPV peyvəndindən söz düşmüşkən, uşaqlıq boynu xərçəngi hansı əlamətlərlə özünü büruzə verir?

- Xərçəngin digər növləri ilə müqayisədə uşaqlıq boynu xərçəngi özünü gizli formada aparır. Ağrı olmadığından xəstə narahatlıq keçirmir. Özünü birdən-birə büruzə verir. Ona görə də qadınlarımızın vaxtaşırı müayinədən keçməsi vacibdir. Erkən aşkarlandıqda xəstəliyin qarşısını almaq daha asan olur.

- Bu peyvənd xəstəlik aşkarlandıqdan sonra effekt verirmi?

- Xəstəliyin erkən mərhələsində müəyyən qədər kömək edir. Çalışmaq lazımdır ki, peyvənd İPV-yə yaxalanmamış vurulsun. Bu zaman kondiloma (papilloma), vulvada, vaginada və uşaqlıq boynunda yaranan xərcəng riski kəskin azalır…

- İPV vaksini peyvənd təqviminə daxil edilmədiyindən, yəqin ki, ödənişlidir..

- Bəli, vaksin Türkiyədən pulla alındığından pasiyentlər "pap smear" skrininqinin və vaksinin pulunu ödəməlidirlər...