VİDEO

Bölgəmizdə ilanlar bütöv bir ailəni öz evindən didərgin salıb – VİDEO

Son üç ildir Cahangirovlar ailəsi öz evində sakit yaşaya bilmir. İlanlar onları öz evindən didərgin salıblar. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

Qəbələ rayonunun Həmzəlli kəndində bir ailə öz evini ilanlarla paylaşmalı olur. İlanların ev sakinlərindən daha çox “ixtiyarları” var desək, yanılmarıq. 3 məktəbyaşlı uşağın yaşadığı bu evin hər yerindən ilanlar çıxır.

Evin xanımı Rəna Cahangirovanın sözlərinə görə, bu problem son üç ildə yaranıb. Onlar mümkün olan hər vasitəyə əl atıblar, amma sürünənlərdən can qurtara bilməyiblər. Dəfələrlə İcra Hakimiyyətinə müraciət edilib, amma yardım əli uzadılmayıb. Hətta Gigiyena və Epidemiologiya Mərkəzinin briqadası çağırılıb. Ev dərmanlansa da, problem aradan qalxmayıb.

Hal-hazırda ailə çarəsiz vəziyyətdə qohumlarının evində, bəzən isə həyətdə gecəməli olur. Belə ki, gecənin ortasında ilanlar uşaqlarının yatağının üzərində sürünür, onları vahiməyə salır. Ailənin köməyə ehtiyacı var, belə ki, qışın  yaxınlaşdığı bir anda, demək olar ki, evsiz qalıb. Problemi həll etmək üçün əlindən gələni edib, amma nəticəsi olmayıb.