MƏDƏNİYYƏT

Əliqismət Lalayev: "Bu tamaşa Təbrizdə böyük əks-səda doğuracaq"

Dünyanın bir çox nüfuzlu teatrlarının qatılacağı festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 50 nəfərlik yaradıcı heyəti ilə təmsil edəcək
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. Dekabr ayının 1-dən 7-dək İran İslam Respublikasının Təbriz şəhərində II Alef Beynəlxalq Teatr Festivalı keçiriləcək. Həmçinin festivalın bağlanış mərasimində dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin müşayiəti ilə teatrın simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.

Bu barədə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib:

"Akademik Musiqili Teatr bu yaxınlarda Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi "Skampa – 2019" Beynəlxalq Müasir Teatr Festivalından uğurla qayıdıb. Elbasan şəhərindəki festivala dünyanın müxtəlif ölkələrindən gələn teatr və incəsənət xadimləri "Qodonun intizarında" tamaşasını çox yüksək səviyyədə qarşıladılar və hələ də bu barədə xoş sözlər, fikirlər, rəylər söyləməkdədirlər. Türkiyənin tanınmış sənət adamı Tamer Levendlə 21-ci "Skampa" festivalında yaxından tanış olduq. O, tamaşamız haqqında dolğun fikirlər səsləndirdi. Eyni zamanda festivalda iştirak edən Amerikada yaşayan rejissor, aktyor Karlos Espinal da bu səhnə əsərindən zövq aldığını Akademik Musiqili Teatrın "Instagram" səhifəsində yazdığı şərhlərdə də vurğuladı və bizə bu gözəl tamaşa üçün minnətdarlığını bildirdi. Əlbəttə, belə sözləri eşitmək bizi çox sevindirir. "Qodonun intizarında" fərqli tamaşadır və bu baxımdan da fəlsəfi duyumu, yüksək intellekti, həyata baxışı fərqli olanlar, reallıqla abstrak dünya arasında sıx əlaqəni, məna çalarlarını tapmağa çalışanlar absurd janrda tamaşanı bəyənə bilirlər… Qeyd edim ki, II Alef Teatr Festivalına bizi bu layihənin direktoru cənab Houman Beignezhad dəvət edib. Tamaşanın quruluşçu rejissoru, əslən İran Respublikasından olan tələbəm, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur. Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər. Ölkəmizi onun hüdudlarından kənarda layiqincə təmsil etmək, üç rəngli bayrağımızı bayraqlar arasında görmək özü böyük şərəfdir. Ümidvaram ki, bədii rəhbəri olduğum bu tamaşa Təbrizdə də Albaniyada olduğu kimi böyük əks-səda doğuracaq", - deyə Ə.Lalayev fikrini tamamlayıb.