CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad gözəllik "professorları" - qapılarını ancaq ölüm olanda döyürlər

"Bəzən kosmetoloqlar müştərilərinə çox təhlükəli həblər yazırlar. Bu həm daxili orqanlara zərər verir, həm də tüklənməyə səbəb olur" -  Elmuraz Hüseynov
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. İtaliyada qanun pozuntularına yol verdiyinə görə 52 kosmetoloji klinika bağlanıb.  Klinikalardakı yoxlamalar bu ölkənin Səhiyyə Nazirliyinin tapşırığına əsasən, İtaliyanın Milli Elmlər Akademiyasının səhiyyə və gigiyena polisləri tərəfindən aparılıb.

Cavanlaşma iynələrinin "əbədiyyət" effekti - həyatla vidalaşmağa razısınız?

Ümumilikdə 607 mərkəzdən 172-də qanun pozuntusu aşkar edilib. Polis, həmçinin əksəriyyəti döymə sənayesində istifadə edilən on minlərlə qeyri-qanuni kosmetik məhsul müsadirə edib. Ələ keçirilmiş məhsullar təxminən 150 min avro dəyərində olub.

Polisin məlumatına görə, bundan başqa, təxminən 40 min qanunsuz bağlama müsadirə olunub.

Azərbaycanda da çox sayda kosmetoloji klinika fəaliyyət göstərir. Üstəlik, tələbat çox olduğu üçün hər gün belə klinikaların sayı artmaqdadır. Əməkdaşlarının çoxu ixtisaslaşmamış, sadəcə kurs keçmiş kosmetoloqlar olan bu klinikalara, demək olar ki, nəzarət yoxdur. Səhiyyə Nazirliyi isə ancaq şikayət daxil olduqda bu qurumlarda yoxlamalar keçirir.

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Həkim-kosmetoloq Elmuraz Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həkim olmayan, yalnız kurs keçərək fəaliyyət göstərən kosmetoloqlar ancaq şirkətlərin hazır məhsullarından istifadə edə bilərlər: "Burada isə dərinin müalicəsi yox, sadəcə dolğular nəzərdə tutulur. Başqa heç bir dəri xəstəliyi, üzdə səpgilər, ləkələr və s. problemlərin həllindən söhbət gedə bilməz. Belə hallarda istifadə etdikləri inyeksiyalar və yaxud PRP kimi üsullar daha böyük fəsadlara gətirib çıxarır. Bəzən isə belə kosmetoloqlar müştərilərinə çox təhlükəli həblər yazırlar. Bu həm daxili orqanlara zərər verir, həm də tüklənməyə səbəb olur".

Gözəl olun, lakin gözəllik xatirinə özünüzü məhv etməyin>>

Həkim bildirib ki, kurs keçmiş kosmetoloqlar ancaq dəridə dolğuların aparılması ilə məşğul ola bilərlər. Əlavə bilikləri olduğu halda hər-hansı bir dəri xəstəliyinin aradan qaldırılması, kosmetik, dərini cavanlaşdıran müalicə apara bilərlər. Bu zaman isə hormonal, antibiotik inyeksiyalar və ya hormonal həblərdən istifadə etmək olmaz.

Elmuraz Hüseynovun sözlərinə görə, ölkədə kosmetoloji dolğu və aparatların istifadəsinə icazə varsa, onlardan həkim və ya kurs keçmiş kosmetoloqlar da istifadə edə bilərlər.

Kosmetoloq Diana Əhmədovanın sözlərinə görə, kosmetoloji klinikalara Səhiyyə Nazirliyi tərəfindən nəzarət olmadığı üçün bu mövzuda danışmaq yersizdir:

"Bu klinikalar nəzarətsiz, lisenziya ilə fəaliyyət göstərirsə, burada mən nə danışa bilərəm? Bu kimi məkanlarda Tibb Universitetini bitirmiş insanlar çalışmırlarsa, şərh verməyə ehtiyac qalmır".

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlar özəl klinikalardan şikayət olduğu zaman hüquq-mühafizə orqanları ilə birlikdə yoxlamalar aparırlar: "Ölüm halı baş verdikdə, hər-hansı bir şikayət daxil olduqda araşdırma aparılır. Ölkə başçısının sərəncamına əsasən, özəl qurumlarda qanunsuz yoxlamaların aparılması qadağan edilib".