ABŞ prezidentindən Avropa ölkələrinə tənə: "Bizdən sonra!"

Bir müddət əvvəl kürdlərin Türkiyənin "Sülh bulağı" əməliyyatından öncə nəzarət etdikləri ərazilərdə yerləşən müvəqqəti düşərgələrdən İŞİD döyüşçülərinin və onların ailələrinin qaçdığı barədə məlumat yayılmışdı
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp bildirib ki, bəzi Avropa ölkələri "İslam dövləti" terror təşkilatının üzvləri olduqları güman edilən döyüşçüləri qəbul etməyə hazırdır.

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Tramp Twitter-dəki hesabında yazıb.

"Mənə indicə çatdırdılar ki, bəzi Avropa ölkələri indi ilk dəfə olaraq vaxtilə öz vətəndaşları olan İŞİD döyüşçülərini geri qaytarmaq istəyirlər. Bu, yaxşı xəbərdir, amma bunu BİZ onları ələ keçirəndən sonra etmək lazım idi. Buna rəğmən, böyük irəliləyiş hiss olunur", - yazan Tramp cümlənin sonunda dörd nida işarəsi qoyub.

​ABŞ digər ölkələrin Suriyada olan vətəndaşlarının repatriasiyası ilə daha aktiv məşğul olmasını istəyir. Amerikayla müttəfiq olan qruplaşmaların 2 min döyüşçünü əsir saxladığı bildirilir. Köçkünlərin düşərgəsində isə onların və digər əcnəbi vətəndaşların 70 minədək qohumu olduğu deyilir.

Bir müddət əvvəl kürdlərin Türkiyənin "Sülh bulağı" əməliyyatından öncə nəzarət etdikləri ərazilərdə yerləşən müvəqqəti düşərgələrdən İŞİD döyüşçülərinin və onların ailələrinin qaçdığı barədə məlumat yayılmışdı.

Cümə axşamı ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.