Kosmosda bir tarix gerçəkləşir - canlı yayımda görmək mümkündür

Hazırda BKS-də uçuşu rusiyalı astronavtlar Aleksandr Skvortsov və Oleq Skripoçka, onların amerikalı həmkarları Kristina Kuk, Endryu Morqan və Cessika Meir, eləcə də italiyalı astronavt Luka Parmitano həyata keçirirlər
Sputnik

BAKI, 18 oktyabr — Sputnik.  NASA-nın astronavtları Kristina Kuk və Cessika Meyr tarixdə ilk dəfə komanda şəklində açıq kosmosa çıxıblar.

Sputnik Azərbaycan bildirir ki, NASA bu prosesin canlı yayımını təşkil edib. Qadın astronavtların kosmosa çıxışı əvvəlcə oktyabrın 21-i üçün planlaşdırılmışdı, lakin sonradan tarix bir qədər irəli çəkilib.

NASA öz saytında qeyd edib ki, Kuk və Meyr açıq kosmosda olarkən Beynəlxalq Kosmik Stansiyanın (BKS) Amerika seqmentinin akkumulyator batareyasının yükləmə-boşaltma blokunu dəyişəcəklər. Son zamanlar bu blokda nasazlıqlar müşahidə olunur.

​Kuk açıq kosmosa dördüncü dəfə çıxsa da, bu, Meyr üçün ilk dəfədir. NASA-da qadınların birlikdə kosmosa çıxmasını "tarixi" hadisə adlandırırlar.

Xatırladaq ki, açıq kosmosa çıxmış ilk qadın sovet kosmonavtı Svetlana Savitskaya (1984-cü ildə) olub.

Hazırda BKS-də uçuşu rusiyalı astronavtlar Aleksandr Skvortsov və Oleq Skripoçka, onların amerikalı həmkarları Kristina Kuk, Endryu Morqan və Cessika Meir, eləcə də italiyalı astronavt Luka Parmitano həyata keçirirlər.