Rusiya "Fyodor"un "nəvə"sini Aya göndərəcək

Bu robotun yaradılmasında bir qədər əvvəl Beynəlxalq Kosmik Stansiyaya göndərilmiş "Fyodor"un "bədən" hissəsindən və lunoxod korpusundan istifadə olunacaq
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) üç-dörd ildən sonra Aya insanabənzər robot göndərməyi planlaşdırır.

"Fyodor"un kosmik macərasında uğursuzluq

Sputnik Azərbaycan xəbər verir ki, xəbəri RİA Novosti-yə Roskosmosda olan mənbə verib. Məlumata görə, bu robotun yaradılmasında bir qədər əvvəl Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilmiş "Fyodor" adlı robotun "bədən" hissəsindən və lunoxod korpusundan istifadə olunacaq.

"Bu, üzərinə insan bədəninə bənzər gövdə quraşdırılmış lunoxod olacaq. Robot "Fyodor" onun "babası" olacaq" - mənbə deyib.

"Fyodor" avqustun 22-də "Soyuz MS-14" kosmik gəmisi vasitəsilə Yerin orbitinə göndərilib. Beş sutkadan sonra gəmi BKS-ə birləşib. Robot sentyabrın 7-də Yerə qayıdıb.

O, uçuş zamanı kosmonavtın idarəsi altında bir sıra tapşırıqları yerinə yetirib.