Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda aztəminatlı ailələr özünüməşğulluq proqramına qoşulduqda onlara verilən ünvanlı dövlət sosial yardımı müddəti bitənədək kəsilməyəcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev məlumat verib. O bildirib ki, bu yenilik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" Nazirlər Kabinetinin qərar layihəsində nəzərdə tutulub.
M.Quliyev bildirib ki, hazırda özünüməşğulluq proqramına qoşulan aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı dayandırılır. Ona görə də, bu yardımı alan şəxslər özünüməşğulluq proqramından faydalanmaq üçün müraciət etməyə çəkinirlər. Amma yeni hazırlanan qaydalarla ünvanlı dövlət sosial yardımı alan şəxslər özünüməşğulluq proqramına qoşulsalar da, onlara verilən sosial yardımı müddəti bitənədək ala biləcəklər. Qeyd edim ki, ünvanlı dövlət sosial yardımı hazırda iki il müddətinə verilir. Ailənin maddi vəziyyətinə görə ehtiyacı olduqda yardımın verilmə müddəti uzadılır".
M.Quliyev deyib ki, ünvanlı dövlət sosial yardımının verilməsinə əlçatanlıq asanlaşdıqca, aztəminatlı ailələrin güzəranı da yaxşılaşır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən isə bildiriblər ki, yeni layihədə sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borcun (o cümlədən kreditin) gəlir kimi nəzərə alınmaması əksini tapır.
Qeyd edək ki, mövcud qanunvericilikdə ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılması zamanı onun orta aylıq gəliri hesablanarkən, götürdüyü borc (o cümlədən kredit) də nəzərə alınır. Sosial yardımın təyinatından sonra da ailə üzvünün kredit götürməsi və bu barədə məlumat verməməsi səbəbindən ailəyə sosial yardım ödənişi dayandırılır. Yenidən sosial yardım üçün müraciət etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır. Bu isə həmin aztəminatlı ailələrin sosial yardım proqramından dolğun şəkildə yararlana bilməməsinə səbəb olur, nəticədə onların maddi rifahına mənfi təsir göstərir.
Artıq yeni layihə bu məhdudiyyətin aradan qaldırılmasına, ailə üzvünün götürdüyü kreditin ailənin sosial yardım hüququna maneə olmamasına imkan yaradacaq.