CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta yardım və əlillik düzəldənləri hansı cəza gözləyir? - Nazirlik açıqladı

Azərbaycanda saxta yolla əlillik alan şəxslərin müəyyən edilməsi və onlara ödənilən vəsaitlərin geri alınması işləri davam etdirilir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının ünvanlılığının təmin edilməsi məqsədilə aparılan araşdırmalar çərçivəsində iki min nəfərə qədər şəxsin sosial yardımının dayandırıldığı barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, Nazirlik ÜDSY təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı araşdırmaları davam etdirir.

Mindən çox adam ünvanlı dövlət sosial yardımından məhrum edildi

Seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran məqamlar üzə çıxdıqca saxta yollarla ünvanlı dövlət sosial yardımı alanların bu yardımı dayandırılır. Bu kimi tədbirlər saxta əlillik alan şəxslərə də aiddir. Sputnik Azərbaycan-ın əməkdaşı aztəminatlı ailələrə ünvanlanan dövlət sosial yardımını saxta yolla ələ keçirən, eləcə də müxtəlif yollarla əlillik dərəcəsi alan şəxsləri və onlara bu imkanı yaradanları hansı hüquqi məsuliyyətin gözlədiyini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirliyin məqsədi ÜSDY-nin verilməsində ünvanlılığı təmin etməkdir: "Nazirliyin məqsədi odur ki, bu yardımı məhz özlərindən asılı olmayan səbəblərdən yoxsul şəraitdə yaşayan ailələr, yəni yardıma həqiqətən ehtiyac duyan ailələr alsınlar, bu sahədə şəffaf mühit mövcud olsun.

Lakin aparılan araşdırmalar zamanı bir sıra hallarda ailələri təmsil edən şəxslərin bu yardımı almaq üçün saxta yollara əl atdıqları üzə çıxır. Məsələn, ailəni təmsil edən bir qisim şəxslərin ya özlərini, ya da hər hansı ailə üzvlərini hansısa müəssisədə işləyən kimi təqdim etmək üçün çox qısamüddətli əmək müqaviləsi bağladığı, yardım təyin olunandan sonra, yəni aradan bəzən heç 15 gün keçməmiş, heç sığorta ödəyicisi olmamış müqaviləyə xitam verildiyi aydın olub. Yəni bilinir ki, bu şəxslər məhz sosial yardım almaq hüququna malik olmaları üçün bunu ediblər. E-sistemlər vasitəsilə bu dərhal müəyyən olunur və yardımın verilməsi dayandırılır".

Dövləti aldadanlar: pulu alan kimi müqavilə ləğv edilib>>

F.Talıbov saxta yollarla bu yardımı əldə edən şəxslər və buna şərait yaradanlar barəsində hüquq-mühafizə orqanlarına müraciət edilmədiyini bildirib. O deyib ki, həmin şəxslərin saxta yolla əldə etdikləri yardımları dövlətə geri qaytarmaları üçün müvafiq işlər aparılır. Azərbaycanda saxta yolla əlillik alan şəxslərin müəyyən edilməsi və onlara ödənilən vəsaitlərin geri alınması işləri də davam etdirilir.

Şöbə müdiri bildirib ki, Səhiyyə Nazirliyi ilə birgə yaradılan işçi qrupu bu məsələ ilə ciddi məşğuldur: "Yəni əlillik üçün e-sistemə daxil edilmiş göndərişlər xəstənin ötən dövrdə onun xəstəliyi ilə bağlı müayinə və müaliəcələri əks etdirən tibbi sənədlərə əsaslanmalıdır. Səhiyyə Nazirliyinin elektron sistemində bu məlumat öz əksini tapmalıdır. Ona görə də hansısa göndərişlər ki, reallığa, müvafiq tibbi sənədlərə əsaslanmayıb, onlar aşkar edilir və əlillik də ləğv edilir.

Nazirlik on min ailənin əlini çörəyə çatdıracaq

Saxta yolla əlillik alan şəxslərə ötən dövrdə müavinət və ya pensiya kimi ödənilmiş vəsait həm özlərindən, həm də saxta əlilliyə şərait yaratmış, yəni təqsirkar şəxslərdən geri tutulur. Şöbə müdiri onu da deyib ki, eyni zamanda ünvanlılıq və şəffaflıq prinsipi əsasında aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımına çıxışında daha əlçatanlığı və sadə, rahat müraciət prosedurunu təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən innovativ əsaslarla müvafiq təkmilləşdirimə işləri aparılır".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ünvanlı dövlət sosial yardımının verilməsində şəffaflıq prinsipinin bərpası müsbət dəyərləndirilməlidir: "Nazirliyin bu məsələ ilə bağlı son bir həftədə yaydığı məlumatlar göstərir ki, ünvanlı dövlət sosial yardımının verilməsində ünvanlılıq qorunmayıb. Bu faktlar göstərir ki, 2006-cı ildən bu tərəfə ünvanlı dövlət sosial yardımının verilməsində çoxsaylı qanun pozuntuları baş verib.

İndi Sahil Babayevin tapşırığı ilə bu saxtakarlığın üzə çıxarılması, bu istiqamətdə mübarizənin gücləndirilməsi çox müsbət haldır. Düşünürəm ki, müavinətlərin verilməsində ünvanlılığı təmin etmək çox vacibidir. Bu, sosial ədaləti təmin edən ən vacib şərtdir. Əgər indiyədək aztəminatlı ailənin haqqını buna ehtiyacı olmayan mənimsəyibsə, bu, sosial ədalətin pozulması deməkdir.

Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dəstək məqsədilə verilir. Kimsə saxta yolla onlara çatacaq müavinəti mənimsəyirsə, deməli, ehtiyacı olanın haqqını ehtiyacı olmayan yeyir. Bu isə dövlətin sosial müdafiə siyasətini gözdən salır. Saxta əlilliyin verilməsində də məsuliyyət olmalıdır.

Düşünürəm ki, əsas məsuliyyət saxta ünvanlı yardımın verilməsinə, saxta əlilliyin təyin edilməsinə məsul olan vəzifəli şəxslərin üzərinə düşməlidir. Həmin vəzifəli şəxslər, çox güman ki, işdən kənarlaşdırılıblar. Burada vəzifədən sui-istifadə halları və rüşvət məqamları olduğundan, həmin vəzifəli şəxslərin qanunsuz əməlləri hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmalıdır".