CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda telekanallara xəbərdarlıq edildi

Artıq iki telekanal - Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya MTRŞ-nin məktubuna müsbət cavab veriblər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda telekanallara subtitrlər və surdotərcümələrin tətbiqi ilə bağlı məktub göndərilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nemət Cavadov məlumat verib. O bildirib ki, telekanallara xəbərdarlıq məktubunda qeyd edilib ki, bütün telekanallar informasiya əldə etmək hüququnu təmin etmək üçün surdotərcüməni tətbiq etsinlər.

N.Cavadov artıq iki telekanaldan cavab məktubu gəldiyini də söyləyib: "Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyadan bununla bağlı müsbət cavab gəlib. Onlar məktubda qeyd ediblər ki, surdotərcümənin tətbiqi istiqamətində artıq işlərə başlanılıb".

Qeyd edək ki, Azərbaycanda dövlət dilinin şifahi şəkildə istifadə edildiyi sferalarda eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət (jest) dilinin rəsmi olaraq ünsiyyət dili kimi tanınması təmin ediləcək. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə işçi qrupunun hazırladığı "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində əksini tapır. 

MTRŞ 3 milyonu 5 televiziya arasında böldü
Məqsəd dövlət tərəfindən əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə, maneəsiz informasiya əldə etmələrinə, həmçinin öz fikirlərini, ideyalarını sərbəst ifadə etmələrinə, ümumən cəmiyyətə inteqrasiyasına daha geniş şərait yaradılmasıdır.

İşarət dilinin istifadəsinin genişləndirilməsi məqsədilə görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün ədəbiyyatın nəşr edilməsi, elmi, metodiki, bədii əsərlərin, həmçinin təhsil müəssisələri və kitabxanalar üçün Brayl şrifti ilə çap edilmiş ədəbiyyatların əldə olunması təmin ediləcək. Azərbaycan Dövlət Televiziyasının proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdotərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur.

Bu dəyişiklik eyni zamanda, milli qanunvericiliyin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası"na uyğunlaşdırılması istiqamətində növbəti addımdır. Belə ki, ölkəmizin 2 oktyabr 2008-ci ildə ratifikasiya etdiyi həmin Konvensiyanın 21-ci maddəsinə əsasən, bu sənədə qoşulan ölkələrin öhdəliklərindən biri kimi jest dillərinin, Brayl əlifbasının, əlilliyi olan şəxslərin seçiminə uyğun gücləndirici və alternativ üsulların, ünsiyyətin bütün digər üsullarının, metod və formatların rəsmi münasibətlərdə qəbul olunması və istifadəsinin təmin olunmasıdır.