Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 17 oktyabr — Sputnik. Paytaxtda 80 ilə yaxın tarixi olan tramvay xətlərinin yenidən bərpası nəzərdə tutulur. Məlumatlara görə, artıq Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr aparılır.
Sputnik Azərbaycan-ın əməkdaşı tramvay xətlərinin bərpasının nə dərəcədə ağlabatan olduğunu araşdırıb.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tramvayların bərpası "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb: "Bu Dövlət Proqramında qeyd edilib ki, Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması, yol-nəqliyyat hadisələrinin sayının və onlar nəticəsində vurulan zərərin həcminin azaldılması, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəyə keçidin təmin olunması üçün vahid proqram əsasında genişmiqyaslı, intensiv, sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Proqramın 7.1.12.1 bəndində isə göstərilib ki, sərnişin və yük daşımalarının nəqliyyat növləri arasında optimal bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün tədbirlər planının, eləcə də Azərbaycan Respublikasının vahid nəqliyyat strategiyasının hazırlanması təmin edilməlidir. Dövlət Proqramının 7.1.12.2 bənddə isə açıq şəkildə qeyd edilib ki, mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması 2019- 2022-ci illər ərzində təmin edilsin. Proqramdan göründüyü kimi, tramvayların bərpası məsələsi gündəmdədir. Artıq aidiyyatı qurumlar bu istiqamətdə təkliflər hazırlayırlar”.
Qeyd edək ki, paytaxtda tramvay xətləri sökülsə də, A.Allahverənov deyir ki, mümkün olan yerlərdə yeni tramvay xətləri çəkiləcək. Həmsöhbətimiz qeyd edir ki, bütün yollarda tramvayların hərəkəti mümkün olmasa da, vaxtilə tramvayların şütüdüyü yollarda həmin xətləri bərpa etmək olar: "Məsələn, 3-cü mikrorayon dairəsi, keçmiş Çapayev küçəsi, Qara Qarayev prospekti və s. ünvanlarda tramvaylar kifayət qədər böyük nəqliyyat şəbəkəsinə malik idi. Düşünürəm ki, çoxzolaqlı yollarda həmin tramvayları yenidən çəkmək imkanlarımız var. Bu da yol infrastruktrunun imkanlarına uyğun olaraq müəyyən olunmalıdır. Dar, az zolaqlı yollarda tramvay çəkmək mümkün deyil. Bu gün məsələn, Təbriz küçəsində tramvayın çəkilməsi əlverişli olmaya bilər. Amma Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti və bir çox yerlərdə tramvaylar salına bilər".
Arxitektor Cahangir Qocayev isə Sputnik Azərbaycan-a açıqlamasında Bakı kimi iri şəhərlərdə tramvay xətlərinin bərpasının vacib olduğunu söyləyir. Lakin arxitektor bu gün Bakının əksər küçə və prospektlərinin buna imkan vermədiyini də etiraf edir. Həmsöhbətimiz deyir ki, Bakıda keçmiş tramvay xətlərinin hamısını bərpa etmək mümkün deyil: "Bakıda tramvay xətləri 2000-ci ildən sonra sökülməyə başladı. Bu gün tramvay xətlərinin keçdiyi yerlərin əksəriyyətində göydələn ucaldığından, həmin yollar daralıb. Tramvayın hərəkət etdiyi yollar isə enli olmalıdır. Ən azı yolun 6 metr eni olmalıdır ki, tramvay hərəkət edə bilsin".
C. Qocayev deyir ki, sovet dövründə Nərimanov rayonunda, Yasamalda tramvay xətti olub. Bu gün əksər küçələrdə tramvay xətlərinin bərpası mümkün deyil. Ona görə də, tramvay xətlərinin salınması üçün öncə yol infrastrukturu təhlil olunmalıdır. Məsələn, Neftçilər prospektində tramvay xəttinin çəkilməsi real ola bilər. Tramvayların hərəkət etdiyi Təbriz və Cənub küçələrində isə yol infrastrukturunun hazırkı vəziyyəti təhlil edilməlidir. Yalnız bundan sonra tramvayların hərəkətinin mümkünlüyü barədə danışmaq olar".
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirir ki, tramvayların bərpası paytaxt yollarında sıxlığı azalda bilər: "Bu gün şəhərimizdə metro və müntəzəm marşrut xətt avtobuslardan başqa, ictimai nəqliyyat növləri yoxdur. Son vaxtlar dəmir yolu xətlərinin bərpası istiqamətində mühüm addımlar atılmaqdadır. Lakin əlavə ictimai nəqliyyat növlərinin yaradılması müasir dövrümüzün əsas çağırışlarındandır. Çünki indiki halda sərnişin axınının ancaq avtobus və metro hesabına qarşılanması ciddi çətinliklər yaradır. Bu gün avtobuslarda səfər sayı gündəlik iki milyon iki yüz min nəfərdir. Bu, çox ciddi rəqəmdir. Buna görə də dövlət avtobus şəbəkəsinin müasirləşməsi, göstərilən xidmətin səviyyəsinin artırılmasına çalışır. Bu gün əsasən avtobus parkının müasirləşdirilməsi istiqamətində işlər aparılır. Amma tramvay və elektriklə çalışan avtobuslarla bağlı da müzakirələr gedir. Bu nəqliyyat növlərinin olması bir çox cəhətdən vacibdir. Ən əsası da sıxlıqların azaldılması baxımından səmərəlidir".
Qeyd edək ki, tramvaylar həm ekoloji, həmçinin də yol təhlükəsizliyi baxımından çox səmərəli nəqliyyat vasitəsi hesab olunur.