CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftədə dördcə gün işləmək pis fikir deyil, amma hamı bir məqamı unudur

"Bu gün ABŞ-da minimum saatbaşı ödəniş 10 dollara yaxındır. Amma bunu Azərbaycanda indiki əmək haqqı fondu ilə etmək qeyri-mümkündür"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. "Saatbaşı hesaba keçid ilk növbədə əmək haqlarının kəskin şəkildə artımına səbəb olmalıdır. Etiraf etməliyik ki, saatbaşı əmək haqları hesablanan ölkələrin tam əksəriyyətindəki orta əmək haqqı ilə və yaxud bütövlükdə əmək haqqı fondu ilə Azərbaycandakı əmək haqqı fondu müqayisə olunacaq səviyyədə deyil. Saatbaşı əmək haqqına keçid əmək haqlarının bütövlükdə ciddi şəkildə artımını diktə edəcək".

Pensiyaçılar sevindirilə bilər, daha hamı 65 il gözləməli olmayacaq

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov saatbaşı hesaba keçid məsələsindən danışarkən Sputnik Azərbaycan-a deyib.

Ekspert bildirib ki, bundan başqa, hazırda iqtisadi cəhətdən aparıcı ölkələrdə saatbaşı əmək haqqının ödənişinə keçid baş verir: "Amma bunu o ölkələr uğurla həyata keçirirlər ki, onlarda insan kapitalının xüsusi çəkisi çoxdur və iqtisadiyyatda da insan kapitalı ilə bağlı sahələrin xüsusi çəkisi xeyli dərəcədə digər sahələri üstələyir. Çünki iqtisadiyyatın saatbaşı olan ödəmə seqmentlərində daha çox zehni işlə bağlı olan sahələr dominantlıq təşkil edir".

"Digər tərəfdən, bu gün bir sıra problemlər Azərbaycan iqtisadiyyatında ödənişlərin məhz saatbaşı sisteminə keçməsinə mane olur. Burada bütövlükdə saatbaşı sisteminə keçid baş verməlidir. Əgər bir iqtisadi sferada bunu tətbiq etsək, o zaman təhsil sferasına da bunu aid etməliyik. Ailələrdə böyüklər 4 gün işləyir, uşaqlar 5 gün təhsil alırlarsa, artıq burada harmoniya pozulur", - deyə professor müqayisə aparıb.

O qeyd edib ki, ölkəmizdə əmək haqqı aylıq əsasla müəyyən edilir: "Azərbaycanda dörd günlük iş həftəsi tətbiq edilsə, işəgötürənlər daha az iş görən insanlara faktiki olaraq eyni əmək haqqı vermək məcburiyyətində qalacaqlar. Bu isə işəgötürənlər üçün çox ciddi zərər deməkdir. Əgər işəgötürənlər buna getməsələr, onda onlar məcburdurlar ki, əmək haqqını azaltsınlar. Əmək haqqının azalması isə yolverilməzdir. Bütün bu məsələlər son nəticədə inflyasiyaya səbəb olacaq. Bu, çox mürəkkəb prosesdir".

Azərbaycanda xidmət sektoru niyə gəlirli sahəyə çevrilə bilmir - ekspert danışır>>

Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatı yaxın müddətli perspektivdə hələ buna hazır deyil: "Amma tədricən iqtisadi inkişaf reallaşdıqca buna keçid baş verəcək. Çünki dünya iqtisadiyyatında trend bundan ibarətdir və aparıcı milli iqtisadi sistemlər buna keçirlər. Ona görə keçirlər ki, məhsuldarlıq və insan kapitalının xüsusi çəkisi artır. Və insanlara 4 gün ərzində əmək sərf etmək kifayət edir ki, məhsuldarlığın artımı hesabına daha az işləyərək daha çox istirahət və asudə vaxt əldə etsinlər".

"ABŞ-da yaxın vaxtlara qədər saatbaşı ödəniş minimum 5 dollar idi və sonra bunu 7 dollaradək artırdılar. Bu gün isə ABŞ-da minimum saatbaşı ödəniş 10 dollara yaxındır. Amma bunu Azərbaycanda indiki əmək haqqı fondu ilə etmək qeyri-mümkündür. Azərbaycanda saatbaşı ödənişə keçid faktiki olaraq yaxın müddətli perspektivdə real görünmür", - deyə o əlavə edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda dörd günlük iş həftəsinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir deyib ki, qısaldılmış iş günləri kompleks məsələdir: "Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər. Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. Dörd günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əməkhaqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərlərdən asılı olaraq müəyyən edilə bilər".

S.Babayev qeyd edib ki, hazırda Azərbaycanda dörd günlük iş həftəsinin tətbiqi gündəmdə deyil: "Gələcəkdə istənilən məsələ kimi, bu da müzakirə oluna bilər".