BAKI, 16 oktyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadla xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Maliyyə Nazirliyinin fəaliyyətini təkmilləşdirmək məqsədilə yeni qurumun yaradılmasını qərara alıb.
Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd olunub. Prezident həmin fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə də təsdiq edilib.
Dövlət başçısının verdiyi fərmanda həmçinin Agentliyin yaranması və fəaliyyətinə dair əsasnamədən irəli gələn bir sıra məqamlar da əksini tapıb.
Qeyd edilib ki, "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə həyata keçirilsin.
Sənəddə "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini, dövlət zəmanətlərinin verilməsini təmin etmək və dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək, habelə Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcunu və maliyyə öhdəliklərini idarə etmək tələb olunur.
Fərmana əsasən, Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərməlidir.
Sənəddə ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək tələbi də əksini tapıb.