Gözünü o qutuya dikənlər - Onlar sizin atdığınız geyimləri istəyirlər

Bir çox evlərdəki geyimlərin 60 faizindən istifadə olunmur, xeyriyyəyə ehtiyacı olan əhalinin böyük bir qismi isə hətta çirkli və zərərli olacağı halda da bu geyimləri qəbul edir
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. "The Guardian"ın araşdırmasına görə, hər il 235 milyon müxtəlif çeşidli geyim məhsulları zibilliyə tullanılır. Orta statistikaya görə, istehlakçılar qarderobunu təmizləyərkən 19 növ paltar atırlar. Bu geyimlərin yalnız 7-nin təkrar istifadə üçün nəzərdə tutulan poliqonlara atıldığı qeyd olunur. Qadınların 69, kişilərin 82 faizi geymədikləri əşyaları ümumiyyətlə təkrar istehsal üçün ayrılan poliqonlara atmadıqlarını bildiriblər. Fakt isə budur ki, ətraf mühit üçün ən təhlükəli 4 tullantıdan biri olan geyimlər gələcəyimiz üçün böyük bəlalar, o cümlədən böyük miqdarda karbon emissiyası törədə bilər. 

Vaxtını çoxdan bitirmişlər: Görünüşü göz dağı, qiyməti əl yandırır - REPORTAJ

Dərgi bir çox evlərdəki geyimlərin 60 faizinin istifadə olunmadığını vurğulayır. Aparılan sorğularda iştirak edənlərin 16 faizi bu geyimləri tullamalarının səbəbini onları xeyriyyə təşkilatlarına verməyə vaxtlarının olmaması ilə izah edib. Böyük Britaniya əhalisinin dörddə biri isə geyimlərin təkrar istehsalı haqda bilgisiz olduğunu deyib. Məhz buna görə də onlar artıq geyimləri poliqonlara daşımaqdan imtina ediblər.

Ekoloqlar isə bildirirlər ki, kimyəvi rənglərlə emal olunan geyimlərin parçalanaraq yox olması üçün yüz illərlə zaman lazım olur. Onlar deyirlər ki, geyimlər yenidən istehsala verilməsə, əksinə, ilkin istehsal artsa, o zaman ətraf mühit böyük təhlükə altında qalacaq.

Statistika göstərir ki, bir çoxları bunu dərk etməsələr də, əslində, xeyriyyəyə ehtiyacı olan əhalinin böyük bir qismi hətta çirkli və zərərli olacağı halda da bu geyimləri qəbul edir.

Böyük ekoloji bəlaların qarşısını almaq üçün insanlara öz geyimlərinə yüksək səviyyədə qulluq etmək, onları etiketdə yazılan təlimata uyğun təmizləmək, həmçinin ikinci əl geyimlər almaq da tövsiyə olunur. Bundan başqa, qeyd olunur ki, ikinci dəfə istehsala verilən belə geyimlərdən bir çox sahələrdə - mebel hazırlanmasında, izolyasiyada da istifadə etmək mümkündür.

Azərbaycanlı modelyerdən Putinin ad gününə qeyri-adi hədiyyə>>

Bu gün ekoloji sağlamlığı qorumaq üçün bəzi ölkələrdə istifadəsiz geyimlər üçün xüsusi banklar yaradılıb. Artıq bu ildən etibarən Azərbaycanda da istifadə olunmuş, yararlı ikinci əl geyimlərin tullantısının qarşısını almaq, onların xeyriyyə təşkilatlarına verilməsi məqsədilə İDEA İctimai Birliyi müəyyən addımlar atıb.

Sputnik Azərbaycan-a İDEA İB-dən verilən məlumata görə, cari ilin yanvarından start verilən ianə qutularının yerləşdirilməsi ilə bağlı layihə mühüm əhəmiyyətə malikdir: "Qarderobundakı istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə, IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, eyni zamanda təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çalışan təbiətsevər və yardımsevər sakinlərimiz sayəsində toplanan ianələrin miqdarı 2000-ə yaxın ailəni sevindirməyə və onların geyimlə bağlı ehtiyaclarını qarşılamağa kömək edib".

Birlik səhərimizin sakinlərini bu xeyirxah işə qoşulmağa çağırır. Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atılmaqdan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşya və ya zibilin atılmamasını xahiş edir:

"Əlbəttə ki, bu qaydalara əməl etməyənlər olsa da, onların sayı çox cüzidir. Həyata keçirdiyimiz maarifləndirmə kampaniyaları əsasında ümid edirik ki, tezliklə bu say ümumiyyətlə sıfıra enəcək. Bütün hallarda, qutular boşaldılarkən tərəfimizdən çeşidləmə işləri aparılır, tam yararsız hesab edilən və ya çirkli olduğu müəyyən edilən əşyalar ayrılır".

Bu geyimlərin böyük əksəriyyəti xeyriyyə təşkilatlarına verilir: "İanə qutularına toplanan əşyalar mütəmadi olaraq müxtəlif paylanma məntəqələri, o cümlədən "Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti" və "Birlik" xeyriyyə təşkilatı vasitəsilə insanlara paylanır. Onu da qeyd edək ki, IDEA İctimai Birliyi sözügedən layihə ilə bağlı bir çox xeyriyyə təşkilatları ilə əməkdaşlıq edir. Bunlardan "Birlik", "Çarəsizlər", "Damla" və s. kimi təşkilatları nümunə göstərə bilərik. Onlar ianə qutularımızda yığılan əşyaları ehtiyacı olan ailələrə paylamaqda bizə böyük dəstək olurlar. Çalışdığımız bu xeyriyyə təşkilatları yığılan əşyaları öz siyahılarına uyğun olaraq sistemli şəkildə ailələrə çatdırır. Toplanan əşyalardan yararlanan şəxslərin sayı 5000-dən çoxdur. Sakinlərimiz IDEA ianə qutularını böyük entuziazmla qarşıladılar, bu səbəbdən də qutuların dolması çox az bir zaman ərzində gerçəkləşir və ehtiyac sahiblərini sevindirir".

Arzularının dalınca ABŞ-a getdilər, indi də azərbaycanlılara kömək etmək istəyirlər

Hazırda IDEA tərəfindən bir neçə ünvanda - "20 Yanvar" və "Koroğlu" metro stansiyaları yaxınlığındakı, eyni zamanda Əhmədli qəsəbəsindəki "Bravo" hiрermarketlərində, Babək prospektində yerləşən "Bravo" superstorda, həmçinin həmin prospektdəki "SOCAR Petroleum" yanacaqdoldurma məntəqəsində - belə ianə qutuları yerləşdirilib: "Hazırda 5 ədəd paltar toplanma qutumuz olsa da, növbəti il ərzində Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur".

Geyimlərin yuyulub-təmizlənməsi ilə bağlı verilən məlumatda qeyd olunub ki, çeşidlənərək ayrılan çirkli geyimlər kimyəvi təmizləməyə göndərilir. Daha sonra ehtiyacı olanlara paylanılır.