BAKI, 16 oktyabr — Sputnik. "Ey Qərb, ey Ərəb Dövlətləri Liqası, ey azacıq da olsa vicdan və əxlaqa sahibi ölkələr! Hamınıza müraciət edirəm, dövran belə qalmayacaq, dəyişəcək".
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının geniş iclasında bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyə tarixində heç bir vaxt mülki vətəndaşların qətliamı törədilməyib: "Mülki qətliam görmək istəyirsinizsə, Əfqanıstana, Myanmaya, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxın. Türkiyəni mülki insanları qətlə yetirməkdə günahlandıranların gözü kor, qulağı kar, dili lal, ürəyi daş, vicdanları olmayanlardır".
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. Bu günə qədər Suriyanın şimalında keçirilən əməliyyat zamanı 637 terrorçu zərərsizləşdirilib.