BAKI, 16 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışaraq Suriya məsələsini müzakirə edib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
İki ölkə liderləri münaqişə zonasında Türkiyə ordusu ilə Suriya hökumətinin qoşunları arasında toqquşmanın qarşısının alınmasını labüd hesab ediblər. Həmçinin prezidentlər Suriyanın ərazi bütövlüyünün təmin edilməsinə sadiqliklərini vurğulayıblar.
Putinlə Ərdoğan Suriyadakı vəziyyətin siyasi yolla həlli prosesinin davam etdirilməsi üçün oktyabrın sonunda Cenevrədə BMT-nin başçılığı ilə Konstitusiya Komitəsinin iclasının keçirilməsinə cəhd etmək barədə razılığa gəliblər.
Putin türk həmkarını yaxın günlərdə Rusiyaya işçi səfərə dəvət edib, Ərdoğan təklifi qəbul edib.