İQTİSADİYYAT

ABŞ üçün yeni təhlükə: Bu dəfə təşəbbüs Rusiyadan gəlir

Təşəbbüsün niyə məhz Moskvadan gəldiyi aydındır. Son illər ərzində Rusiya aqrosənaye məhsullarının aparıcı tədarükçüsünə çevrilib
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. Rusiya baş nazirinin müavini Aleksey Qordeyev OPEC-ə analoq təşkilat yaratmağı təklif edib. Lakin bu təşkilat neftin yox, taxılın qiymətlərini koordinasiya etmək və planetdə aclıqla mübarizə üçün nəzərdə tutulub.

Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzu ilə bağlı şərhində belə bir kartelin kənd təsərrüfatı bazarında vəziyyəti necə dəyişəcəyini nəzərdən keçirib.

Buğda idxalı ciddi artıb: Qiymətlərlə bağlı şübhələr var

Dünyanın taxıl mənbəyi

Oktyabrın əvvəlində Qordeyev Almaniyanın Kənd Təsərrüfatı və Ərzaq Naziri Yulia Klökner ilə görüşdə taxıl istehsalçılarının beynəlxalq təşkilatının yaradılması perspektivlərini müzakirə edib.

Baş nazirinin müavini hesab edir ki, "taxıl OPEC"inə Rusiya, Avropa İttifaqı, Kanada, Argentina və digər ölkələr daxil ola bilər. Qiymətlərin koordinasiyası nəhəng buğda istehsalçılarına itkilərdən qaçmaq imkanı verməklə yanaşı, həm də idxalçı ölkələr üçün taxılı daha da əlçatan edəcək.

Bu təşəbbüsün niyə məhz Moskvadan gəldiyi aydındır. Son illər ərzində Rusiya aqrosənaye məhsullarının aparıcı tədarükçüsünə çevrilib. Rusiyanın Aqrobiznes Ekspert-Analitik Mərkəzinin məlumatına görə, keçən il dünya üzrə taxılın ixracı 190,6 milyon tona çatıb. Bunun 23,1 faizi Rusiyanın ixrac etdiyi taxılın payına düşür. Qordeyevin adını çəkdiyi "taxıl OPEC"inin potensial üzvləri isə bazarın 65,7 faizini idarə edirlər.

Qeyd edək ki, kənd təsərrüfatı Rusiyanın ixracatında əsas yerlərdən birini tutur. Belə ki, ölkənin Kənd Təsərrüfatı naziri Dmitri Patruşevin sözlərinə görə, Rusiya ərzaq ixracından ümumilikdə 25,9 milyard dollar qazanıb. Bu, ölkənin silah satışından əldə etdiyi qazancdan təxminən iki dəfə çoxdur.

Zərif: "ABŞ-ın sanksiyaları iqtisadi terrorçuluqdur"

Eyni rəqib

Taxıl kartelinin potensial üzvləri sırasında ABŞ-ın da adı çəkilir. Lakin ekspertlər əmindirlər ki, Vaşinqton yeni təşkilata qoşulmayacaq. Çünki məlumdur ki, amerikalılar yalnız özlərinin liderlik edə biləcəyi beynəlxalq ittifaqlara qoşulurlar. Buna görə də Amerikanın adının çəkilməsi yalnız Qordeyevin nəzakətlilik jesti olaraq qəbul edilə bilər.

Bununla yanaşı, taxıl ixracatçılarının karteli Birləşmiş Ştatların dünya ərzaq bazarında onsuz da zəifləyən mövqeyini son nəticədə sarsıda bilər. Qeyd edək ki, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi oktyabrın əvvəlində dərc etdiyi icmalında Rusiya istehsalı olan buğdanın ixrac həcmləri ilə bağlı proqnozu dəyişməz olaraq 34 milyon ton səviyyəsində saxlayıb, Avropadan ixracat proqnozunu isə 28 milyon tona qaldırıb. ABŞ öz ixrac proqnozuna gəldikdə isə bu göstəricini 26 milyon tonadək azaldıb.

Rusiyanın Taxıl İttifaqında (RBİ) bu rəqəmlərin doğruluğunu təsdiqləyiblər, lakin həm də qeyd ediblər ki, ölkənin xarici ixracat portfeli buğda ilə məhdudlaşmayacaq. Rusiya 2020-ci ildə arpa və qarğıdalının hesabına dənli bitkilərin ixracını 47 milyon tonadək artıracaq. Qeyd edək ki, yağlı bitkilər ixracında da Moskva Vaşinqtonu geridə qoya bilər. RBİ-nin sədri Arkadi Zloçevski isə qeyd edib ki, bu il Rusiya yağlı bitkilərin yığımında rekorda imza atacaq.

ABŞ mövqeyini itirir

Hazırda Birləşmiş Ştatlar kənd təsərrüfatı məhsullarının idxalatını artırır. 2014-cü ildə kənd təsərrüfatı məhsullarının ixracı onların idxalından 40 milyard çox idisə, hazırda bu fərq 14,5 milyard dollar təşkil edir.

Yaxın illərdə ABŞ-dan kənd təsərrüfatı məhsullarının ixracı düşməyə davam edəcək. Bunun səbəblərindən biri də Birləşmiş Ştatların Çin və Avropa İttifaqı ilə apardığı ticarət müharibələridir.

OPEC+ ölkələrinin qərarları bazara psixoloji təsir göstərir - ekspert şərhi

Vaşinqton ticarət müharibələrində kompromisə getməsə amerikalı fermerlər ümidlərini ABŞ-dan iqtisadi cəhətdən asılı iki ölkəyə - Meksika və Kanadaya bağlamalı olacaqlar. Onlar isə maksimum 40 milyard dollar dəyərində kənd təsərrüfatı məhsullarını almağa hazırdırlar. Bazarın bu cür sıxılması onsuz da pis vəziyyətdə olan istehsalçılar üçün böyük problemlər yarada bilər. Təkcə keçən il ABŞ-ın Orta Qərb regionunda 84 aqrar birlik müflisləşib – bu rəqəm 2007-ci ilin anti-rekordunu yeniləyib. Əsas səbəb isə böyük borc yüküdür.

"Son beş il ərzində fermerlərin borclarının kəskin şəkildə artdığı müşahidə olunur. Borclar 2013-cü ildən 30 faiz, yəni 315 milyard dollardan 409 milyard dollaradək artıb", - ABŞ-ın Kənd Təsərrüfatı naziri Sonni Perdyu deyib.

Hamıdan çox isə süd, donuz əti, qarğıdalı və soya istehsalçıları zərər çəkiblər. Ən optimistik hesablamalara görə, bu il Birləşmiş Ştatlar kənd təsərrüfatı məhsulları ixracatında əlavə 1,9 milyard dollarlıq itki ilə üzləşəcək.