BAKI, 16 oktyabr — Sputnik. İspaniyanın Kataloniya vilayətində bazar ertəsindən bəri davam edən iğtişaşlarda təxminən 200 nəfər xəsarət alıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, toqquşmalar Kataloniyanın müxtəlif şəhərlərində davam edir.
Xatırladaq ki, İspaniya Ali Məhkəməsinin 2017-ci ildə qanunsuz müstəqillik referendumunun təşkilində iştirak etmiş kataloniyalı siyasətçilərə qarşı hökm çıxarmasından sonra bazar ertəsi Kataloniyada etiraz aksiyaları başlayıb. İğtişaşların episentri Barselona aeroportu olub.
Yerli fövqəladə hallar idarəsindən bildiriblər ki, 125 nəfər yaralıya tibbi yardım göstərilib. Bundan başqa, hüquq mühafizə orqanlarının 70 əməkdaşı xəsarət alıb. Onlardan 54-ü Kataloniya polisi (Mossos de Escuadra), 18-i isə Milli polisin əməkdaşlarıdır.
Hüquq mühafizə orqanlarının dörd avtomobilinin mitinq iştirakçıları tərəfindən sıradan çıxarıldığı da bildirilir.
Məlumata görə, 29-u Barselonada olmaqla ümumilikdə 51 nəfər saxlanılıb. Mitinq iştirakçıları gecə ərzində Barselonada 157 barrikada qurublar. Bundan başqa, "Renfe" dəmiryolu şirkəti bildirib ki, vandalların hərəkətləri nəticəsində Figeres, Jirona və Barselona şəhərləri arasında yüksəksürətli qatar əlaqəsi pozulub.
İğtişaşların fonunda İspaniya baş nazirinin vəzifələrini icra edən Pedro Sançes ölkənin əsas siyasi qüvvələrinin liderləri ilə görüşərək vəziyyəti müzakirə edib. Hökumət isə bəyanatında baş verən hadisələri "ekstremistlər"in koordinasiya etdiyini bildirib.
"Aydındır ki, burada söhbət dinc vətəndaş hərəkatından yox, Kataloniyada birgə yaşayışı pozmaq niyyəti ilə küçə zorakılığından istifadə edən ekstremistlər tərəfindən koordinasiya edilmiş hərəkatdan gedir. Hökumət Kataloniyada təhlükəsizliyi və birgə yaşayışı təmin etməyə davam edəcək və ehtiyac olduğu halda sərt, müvafiq olaraq və vahid bir tam kimi hərəkət edəcək", - hökumətin bəyanatında deyilir.
Kataloniya hökumətinin başçısı Kim Torra da vəziyyəti müzakirə etmək üçün təcili iclas çağırıb.