Hamı narazıdır: "Bu təşkilat ləng işləyir"

Onun sözlərinə görə, təmiri aparan qurum işlərin tez başa çatması üçün lazımi sayda işçi və texnika qüvvəsi cəlb etməlidir:
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. Bakı-Sumqayıt yolunda kanalizasiya xəttinin çəkilişi ilə bağlı aparılan təmir işləri bu yoldan istifadə edənlərin ciddi narazılığına səbəb olub. Ən böyük narazılıq doğuran məqam isə təmir işlərinin gündüz və ləng aparılması ilə bağlıdır. Yoldan istifadə edənlər təmir işlərinin aparılmasına az sayda işçi qüvvəsinin cəlb olunmasından şikayətlənirlər.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da, narazılıqların haqlı olduğunu söyləyib.

O, bildirib ki, aidiyyatı qurumun fəaliyyəti hər gün bu yoldan istifadə edənləri çətinliklə üz-üzə qoyur. Onun sözlərinə görə, təmiri aparan qurum işlərin tez başa çatması üçün lazımi sayda işçi və texnika qüvvəsi cəlb etməlidir: "Amma bu gün mən də o yoldan istifadə edərkən şahidi oldum ki, təmir işlərinin aparılmasına beş-altı əməkdaş və iki-üç texnika cəlb olunub".

Qeyd edək ki, aidiyyatı qurum bu yolun xüsusi əhəmiyyətli olduğunu unutmamalıdır. Nəzərə almalıdır ki, Sumqayıta, Xırdalan şəhərinə, Abşeronun digər yaşayış massivlərinə gedən minlərlə vətəndaş bu yoldan istifadə edir. Buna görə də, yolda apardığı təmir işlərini sürətləndirməlidir ki, camaat günlərlə bu yolda tıxacda qalmasın.

"Azərsu" ASC-ninmətbuat katibi Anar Cəbrayıllı məsələ ilə bağlı Sputnik Azərbaycan-a bildirib ki, qurum Bakı-Sumqayıt yolunda deyil, köməkçi yolda kanalizaisya xəttlərinin çəkilişi ilə məşğuldur.

"Bakı-Sumqayıt yolunda isə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Yol Polisi ilə razılaşdırılmış qrafikə əsasən əsas işlər qeyri iş günləri, şənbə-bazar günləri görülür. Əsas işlər gecə saatlarında həyata keçirilir. Çünki iş prosesi zamanı iri qabaritli texnikalardan istifadə olunur. Əgər biz deyilənləri nəzərə alıb, texnikanın yola buraxsa hərəkətə mne olmuş olarıq. Ancaq biz çalışırıq ki avtomobillərin hərəkətinə mane olmayaq" -Cəbrayıllı qeyd edib.