BAKI, 16 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, cari ilin 9 ayı ərzində birgə keçirilmiş tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 16 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub. Onlara tədbiq olunmuş cərimələr 24.520 manat təşkil edib.
Ümumilikdə, cari ilin 9 ayı ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozmuş 1.152 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, həmin şəxslərə tədbiq olunmuş cərimələr 80.250 manat təşkil edib.
Ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə bu ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib, balıq və başqa su heyvanlarını tutmağa görə 93, qanunsuz ağac kəsmə faktı üzrə 35, qanunsuz ovla bağlı 7 cinayət işi başlanıb.
Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 670 nəfər inzibati məsuliyyətə cəlb edilib, tətbiq olunmuş cərimələr 41.075 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.