CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süfrəmizin bəzəyi, yaxud, Masazırın vizit kartı barədə - Reportaj

Duz gölünə kanalizasiya sularının birbaşa axıdılması halı ilə rastlaşmasaq da, yolun digər hissəsində qrunt sularının yığıldığının şahidi oluruq
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Duz gündəlik qida rasionumuzda istifadə edilən vacib məhsul olduğundan, onun keyfiyyəti hər birimizi düşündürür. Düzdür, duzu "ağ zəhər" adlandırsalar, ondan istifadəni maksimuma salmağa çağırsalar da, duzsuz heç bir qidanın ləzzəti də olmur. Son vaxtlar isə Azərbaycanda duz istehsalında xammal kimi istifadə edilən Masazır Duz gölü haqqında xoşagəlməyən fikirlər dolaşır. Kimisi bu gölün antisanitar vəziyyətdə olduğunu söyləyir, kimisi də bu göldən yığılan duzun keyfiyyətində ciddi problemlər olduğu arqumentinin irəli sürür.

Dünyanın ən qəribə duz mağarası aşkarlanıb

Sputnik Azərbaycan da "Min eşitməkdənsə, bir dəfə görmək yaxşıdır" deyimini əsas götürərək, Masazır Duz gölünə baş çəkib. Duz gölünə gəlmişkən, əməkdaşımız gölün yaxınlığında yerləşən, xammalını bu göldən götürən Duz zavodunda da duzun istehsal prosesini izləyib, bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Masazırdakı Duz gölü metal tor ilə hasara alındığından, göldə vəziyyəti müşahidə etmək üçün "Azərbaycan Duz İstehsalat Birliyi" Qapalı Səhmdar Cəmiyyətinin nəzdindəki Duz zavodunun rəhbərliyi ilə görüşməli olduq. Gəlişimizin məqsədini normal qarşılayan zavodun direktoru Nəbi Zeynalzadə Masazır duz gölündə real vəziyyətin jurnalistlərin canlı görməsinin onun da istəyi olduğunu söylədi. Həmsöhbətimiz qeyd etdi ki, bu gün zavodda istehsal olunan duzun xammalını Duz gölü ödəyir: "Hazırda ölkəmizdə müxtəlif əmtəə nişanlı duzlar satılır. Bu gün ölkəmizdə müxtəlif kiçik sexlərdə kustar üsulu ilə qablaşdırılan duzların çoxu İran İslam Respublikasından gətirilir. Həmin duzların keyfiyyəti alman avadanlıqlarının quraşdırıldığı laboratoriyada yoxlanılıb. Tərkibində insan orqanizmi üçün zərərli maddələr aşkarlanıb. Bizim zavodumuzda isə duz ən müasir avadanlıqlarla istehsal olunur. İstehsal etdiyimiz duzu istehlakçı istədiyi laboratoriyada yoxlada bilər. Bizim məhsulumuzda bir nöqsan çıxsa biz buna başımızla cavabdehik".

Süfrəmizin bəzəyi, yaxud, Masazırın vizit kartı barədə - Reportaj

Ağ xalat geyinib zavoda daxil oluruq. Direktor bildirir ki, duzu Masazır duz gölündə duz yığan insanlardan alırlar: "Uzun illərdən bəri süfrələrimizdə keyfiyyətsiz, yodlaşdırılmamış duzların istifadəsi isə müxtəlif xəstəliklərin yayılmasına səbəb olub. Həmçinin 2005-ci ildə UNİCEF Azərbaycanla bağlı açıqlamasında ölkədə istehlak olunan duzun 75%-də yod çatışmazlığı olduğunu qeyd edib. Buna görə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə UNİCEF "Azərsun-Holdinq"ə təklif etdilər ki, Masazır duz gölünün yaxınlığında duz zavodu yaradılsın. Həmin zavodda da yodlaşdırılmış duz istehsal edilsin. Bu baxımdan 2008-ci ildən zavodun tikintisinə başlanılıb. 2010-cu ildə isə prezident İlham Əliyev zavodun açılışını edib. O gündən bu günə zavod öz işini davam etdirərək, əhalini yodlaşdırılmış duzla təmin edir. Masazır Duz Zavodunun istifadəyə verilməsində əsas məqsəd yüksək keyfiyyətli məhsulla ölkəni təmin etmək və yod çatışmazlığı problemini birdəfəlik aradan qaldırmaqdır".

Naftalan, Qalaaltı, Duzdağ... Sağlamlıq turizmi niyə inkişaf etmir?

Azərbaycan Duz İstehsalat Birliyinin istehsalat müdiri Ruslan Allahverdiyev isə bizi istehsal prosesi ilə tanış edir. Zavodda sanitariya qaydalarına yüksək səviyyədə əməl edildiyi diqqətimizdən qaçmır. Bizim özümüzü belə ağ xalat, baxıl geyinməmiş duzun qablaşdırıldığı bölməyə buraxmırlar. Burada məlumat verilir ki, duz yığılıb Duz zavoduna təhvil verildikdən sonra, burada müxtəlif proseslərdən keçir. Duz yuyulur, mərkəzdən qaçma qüvvəsi ilə işləyən sentrifuqa aparatında müvafiq istehsal prosesi keçir. Qurudularaq ələnməyə, qablaşdırılmaya verilir.

Zavodda duzun laboratoriyadan keçirildiyi otaqda da oluruq. Burada məlumat verilir ki, məhsulun keyfiyyətinə nəzarət edən işçi Duz zavodunun rəhbərliyinə yox, birbaşa Holdinqdəki keyfiyyətə nəzarət idarəsinə tabe olduğundan, müdirin sözü də bu işçinin yanında keçmir. Belə ki, duzun keyfiyyətində kiçik nöqsan olduqda həmin partiya məhsul qəbul edilmir. Burada duzun tərkibində yodun miqdarına qədər incəliklə yoxlanılır. Zavod rəhbərliyi deyir ki, duz istehsalında ən böyük üstünlüklərdən biri əl dəymədən istehsaldır.

Həmçinin məlumat verilir ki, Masazır duz gölündə ağır və radioaktiv metallar çox azdır: "Gölün suyunu aidiyyəti qurumlar analiz ediblər. Nəticələr limitdən qat-qat aşağıdır. Kustar üsulla hazırlanmış duzun tərkibində suda həll olunmayan quru qalıq var. Bu qalıq təmizlənmir. Həmçinin həmin duzların tərkibində yod olmur. Xam duzda kalsium, maqnezium çox ola bilər. Kustar üsulla hazırlanan duzda isə sağlamlıq üçün çox zərərli maddələr var. Bizim duzun üstünlüyü ondadır ki, yodun miqdarı qanunda qeyd edilən normadan nə artıqdır, nədəki əksik".

Süfrəmizin bəzəyi, yaxud, Masazırın vizit kartı barədə - Reportaj
Zavodda istehsalat prosesini izlədikdən və ətraflı məlumat aldıqdan sonra Duz gölünün antisanitar vəziyyətinə aydınlıq gətirmək üçün gölün ətrafını gəzirik. Qeyd edək ki, bu Duz gölü ilə bağlı əsas narahatlıq yaradan məqam gölə birbaşa məişət-kanalizasiya sularının axıdılması olduğundan, biz də bu halın olub-olmadığını dəqiqləşdirmək üçün gölün ətrafında müşahidə aparırıq. Bir xeyli məsafə qət edərək Masazır Duz gölünün yaxınlığındakı məcburi köçkün şəhərciyinə çatırıq. Bu şəhərciyin kanalizasiya xəttinin duz gölünə axıdıldığı arqumentlərinin nə dərəcədə doğru olduğunu öyrənmək üçün ərazidə məskunlaşmış məcburi köçkünlərlə söhbətləşirik. Köçkünlər deyir ki, əvvəllər kanalizasiya xətti duz gölünə axıdılıb. Amma zavod tikilib istehsala başlanandan sonra şəhərciyin kanalizasiya sistemi çəkilərək kollektora istiqamətləndirilib.

Daha bir narahatlıq yeni Saray, Badamlıq adlanan ərazidəki evlərin kanalizasiyasının bu gölə axıdılması ilə bağlıdır. Odur ki, həmin istiqamətdə vəziyyəti yerində öyrənmək üçün Duz gölünün Novxanı yoluna tərəf hissəsinə baş çəkirik. Burada kanalizasiya sularının gölə birbaşa axıdılması halı ilə rastlaşmasaq da, yolun digər hissəsində qrunt sularının yığıldığının şahidi oluruq. Bu suların isə sızıntı şəklində gölə axması qaçılmazdır.

Süfrəmizin bəzəyi, yaxud, Masazırın vizit kartı barədə - Reportaj

Sakinlər bildirir ki, əvvəllər ərazidə vəziyyət çox acınacaqlı olub. Duz gölü xammal kimi istifadə edildikdən sonra ərazidə kanalizasiya kollektoru inşa edilib. Məlumata görə, kanalizasiya kollektorunun maliyyə xərclərini isə istehsalçı Holdinq qarşılayıb. Duz gölünə axıdılan məişət suları bu kollektora tökülərək ərazidən kənarlaşdırılır.

Duz bu göldən yığılaraq hər birimizin süfrəsinə gəlib çatdığından, gölün sanitar vəziyyəti bütün aidiyyatı qurumları narahat etməlidir.