BAKI, 15 oktyabr — Sputnik. Rusiyanın NTV telekanalının "Sən supersən!" layihəsində Azərbaycanı təmsil edən, Bakı şəhərindəki uşaqlar üçün 5 saylı internat məktəbinin yetirməsi, fiziki imkanları məhdud, görmə qabiliyyəti zəif olan Səməd Novruzov Moskvada keçirilən "Belaya trost" (Ağ əsa) festivalında iştirak edib.
Sputnik Azərbaycan bildirir ki, görmə qabiliyyəti olmayan uşaqların "Belaya trost" xeyriyyə festivalı Moskvada Dövlət Kreml sarayının səhnəsində təşkil edilib. Festivalda görmə məhdudiyyətli gənc ifaçılarla yanaşı, Rusiya şou-biznesinin ulduzları - Valeriya, Zara, Alsu, Anita Tsoy, Mark Tişman da iştirak ediblər.
Bu festivalda çıxış edənlər arasında Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Ukraynadan musiqiçilər və müğənnilər də olublar.
Səməd Novruzov festivala iştirakçı kimi dəvət edilib və o, səhnəyə rusiyalı müğənni Rodion Qazmanovla birlikdə çıxıb. Onlar Qazmanovun son bəstələrindən olan "Mayak" mahnısını duet şəklində ifa ediblər.
Səməd Novruzov beynəlxalq festivalın yubileyində iştirak etdiyi üçün diplomla təltif olunub.
"Belaya trost" festivalı 2019-cu ildə öz onilliyini qeyd edib.
Tədbir 15 oktyabrı kor insanların simvolu olaraq Beynəlxalq Ağ Əsa Günü elan edən Milli Korlar Federasiyası ilə birgə təşkil edilib.
Xatırladaq ki, "Sən supersən!" müsabiqəsinin ikinci mövsümündə Azərbaycanı təmsil edən Səməd Novruzov ikinci tura qədər gedə bilib. Bakıya qayıdan Səməd musiqi karyerasını davam etdirmək qərarına gəlib və artıq yerli musiqi layihəsi olan "Səs Azərbaycan"da iştirak edib. O, eyni zamanda dəfələrlə müxtəlif musiqi tədbirlərində iştirak edib.
NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi - "Sən supersən!" müsabiqəsində valideyn himayəsindən məhrum olmuş, uşaq evlərində, internat-məktəblərdə tərbiyə olunan, ailələrə övladlığa verilən istedadlı uşaqlar iştirak edirlər.