Azərbaycanlılar Qodonun intizarını Elbasanda çəkəcəklər

Festivalda sənət ocağının kollektivi tərəfindən Samuel Bekketin məşhur "Qodonun intizarında" pyesi əsasında hazırlanan eyniadlı tamaşası göstəriləcək
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi daha bir beynəlxalq tədbirdə – Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi "Skampa -2019" Beynəlxalq Müasir Teatr Festivalında iştirak edir.

Sputnik Azərbaycan xəbər verir ki, albaniyalı rejissor Adonis Filippinin bədii rəhbərliyi ilə ərsəyə gələn festival çərçivəsində müxtəlif seminarlar, tamaşaların təqdimatı, konsertlər, sərgilər, görüşlərin təşkili, habelə mədəniyyətlərarası dialoqun qurulması, beynəlxalq səhnə təcrübələrinin qarşılıqlı mübadilə ilə bağlı geniş müzakirələr aparılacaq.

İnsanlar nəzərə alınmır, sponsorların puluna görə addım atılır

Albaniya ilə yanaşı, ABŞ, İtaliya, Rumıniya, Polşa, Macarıstan, Kosovo, Şimali Makedoniya və dünyanın bir çox müxtəlif nüfuzlu teatrlarının qatıldığı bu ənənəvi festivalda ölkəmizi Akademik Musiqili Teatr təmsil edir.

Festivalda sənət ocağının kollektivi tərəfindən Samuel Bekketin məşhur "Qodonun intizarında" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını göstəriləcək.

Xalq artisti Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən bu əsər ötən mövsümdən teatrın repertuarına daxil olub.

Tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər.

Bundan başqa, tamaşa dekabr ayında İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək ikinci Alef Beynəlxalq Teatr Festivalına da dəvət alıb.