HADİSƏ

Zaqatalada canavarlar fermaya hücum edib, xeyli qoyunu qırdı

Təsərrüfat sahiblərinin dediyinə görə, qısa müddətdə fermadan evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Zaqatalada canavarlar xırdabuynuzlu heyvanların saxlanıldığı fermaya hücum edib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib.

"Qonşunuz Məmməd, Əhməd deyil, ayı, canavar, tülküdür, ehtiyatlı olun"

Kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan 40-nı parçalayıb.

Təsərrüfat sahiblərinin dediyinə görə, qısa müddətdə fermadan evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib. 13 baş heyvanı yerindəcə öldürən canavarlar 30-a yaxınını yaralayıb. Hadisə ilə bağlı baytar nəzarət xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti altında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dava-dərman verilib.