Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 14 oktyabr - Sputnik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov təşkilatın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirib.
Çingiz Aydarbekov Qırğızıstanın Şuraya sədrliyi çərçivəsində görülən işlərlə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib. O qeyd edib ki, ötən müddət ərzində təşkilat daxilində əsasən iqtisadi, siyasi və humanitar əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər aparılıb.
Aydarbekov vurğulayıb ki, iclasda Macarıstan Respublikasına Türk Şurası Mədəni İrs Fondunda daha böyük statusun verilməsi müzakirə ediləcək.
Nazir bildirib ki, bu sammit Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə təsadüf edir: “Çox vacib haldır ki, bizim fəaliyyətimiz qarşılıqlı etimada əsaslanır. Azərbaycanın Türk Şurasının güclənməsi istiqamətdə gördüyü işlər təqdirəlayiqdir”.
Aydarbekov bildirb ki, ötən müddət ərzində Türk Şurasının BMT-də müşahidəçi statusunun alınması istiqamətində işlər aparılır.
Xatırladaq ki, sabah Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.