Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 14 oktyabr - Sputnik. Özbəkistan Türk dünyasının önəmli ölkələrindən biridir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Özbəkistanın Türk Şurasına üzv olması tarixi bir addımdır. Onun bu təşkilata üzlüyü Türk Şurasını gücləndirəcək. Biz Türkiyə və türk milləti olaraq bu addıma sevinirik", - deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
İclasda Azərbaycandan Elmar Məmmədyarov, Türkiyədən Mövlud Çavuşoğlu, Qazaxıstandan Muxtar Tlueberdi, Qırğızıstandan Çingiz Ayderbekov, Özbəkistandan Abdulaziz Kamilov, Macarıstandan Peter Siyyarto iştirak edəcəklər.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.
Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq.
Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.