İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 13 oktyabr — Sputnik. Son aylar avtomobillərin qiymətində azalma olsa da, ümumi mənzərə ürəkaçan deyil. Satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin yenə də yüksək olmasından şikayətlənirlər. Amma bir tərəfdən də, ölkəyə gətirilən avtomobillərin sayının durmadan artdığı da bildirilir.
Bəs görəsən, Azərbaycan avtomobil bazarında real vəziyyət necədir? Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərin sözlərinə görə, hazırda ölkədə daha çox Rusiya istehsalı olan avtomobillər, ikinci yerdə komfortlu Avropa və etibarlı Yaponiya avtomobilləri satılır.
Onun sözlərinə görə, Rusiya istehsalı olan avtomobillər müasir təhlükəsizlik tələblərinə cavab vermir: "Amma buna baxmayaraq, vətəndaşlar onu ucuz qiymətinə görə alır və istismar edir. Təəssüf olsun ki, qəza zamanı bu avtomobillərdə xəsarətlər də çox olur. Rəsmi dilerlər tərəfindən təqdim edilən və ikinci əl maşın bazarında satılan avtomobillərin qiymətini təhlil edəndə müəyyən etmək olur ki, rəsmi dilerlər tərəfindən satılan yeni avtomobil bazarında qiymət eyni olaraq qalır. İkinci əl avtomobil bazarı üçün bunu demək mümkün deyil. İkinci əl avtomobil bazarında avtomobillər dəyərindən daha ucuz təklif edilir".
E.Cəfər hesab edir ki, ümumilikdə isə avtomobillərin qiymətlərində stabillik var: "2019-cu ilin yanvar-avqust ayları ərzində ölkəyə 26 695 ədədə nəqliyyat vasitəsi idxal edilib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. 12 801 ədəd avtomobil Gürcüstandan, qalanı isə Rusiya və digər ölkələrdən idxal olunub. Ölkədə 8 ay ərzində 1 496 ədəd minik avtomobili istehsal edilib. Ümumi mənzərə budur ki, avtomobil bazarında artım müşahidə edilir. Lakin bu komfortlu və təhlükəsiz avtomobillər deyil, yararsız, təhlükəli və müasir standartlara cavab verməyən avtomobillərin hesabına artır".
E.Cəfər vurğulayıb ki, rüsumların yüksək, avtomobil kreditlərinin rəsmiləşdirilməsi çətin, faizlərin isə yüksək olması vətəndaşların komfortlu, təhlükəsiz avtomobil almasına maneə yaradır.
HAŞİYƏ: Qeyd edək ki, 2019-cu ildən etibarən ölkəyə idxal edilən avtomobillərin aksiz vergisi 50 faiz artırılıb. Hazırda ölkəyə gətirilən avtomobillərə görə eyni zamanda bir neçə vergi tutulur.
E. Cəfər bildirib ki, avtomobilin gömrük dəyəri hesablanarkən alındığı qiymət, ölkəyə gətirmək üçün xərclənən məbləğ və ƏDV hesablanır.
"Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən asılı olaraq gömrük rüsumu tətbiq edilir. Məsələn, əvvəllər Azərbaycana gətirilən 2000 kub mühərrikli bir avtomobilin hər kub santimetrinə 20 qəpik alınırdısa, 2019-cu ildən bu rəqəm 30 qəpiyə qaldırıldı.
O əlavə edib ki, vətəndaşlar hal-hazırda daha çox qənaətcil avtomobillərə üstünlük verirlər.
Əmlak eksperti Ramil Osmanlı isə açıqlamasında bildirib ki, son zamanlar avtomobil idxalının məhdudlaşması ilə bağlı qiymətlər də qalxıb: "Devalvasiyanın da buna təsiri vardı. Faktiki olaraq, idxal azaldığına görə, təklif də azalmışdı. Düzdür, artıq bu proses dayanıb. Stabilləşmə müşahidə edilir və idxalda da müəyyən artım tempi var. Bu səbəbdən də qiymət artımı yüksək səviyyədə deyil".
Ramil Osmanlının sözlərinə görə, yay aylarında bazarda qiymət artımı müşahidə edilib. Bu isə təklifin azalması ilə bağlıdır: "Bu aylarda bir çox avtomobillər bazardan çıxarılır. Təklif azaldığı üçün qiymətlər artır. Artıq qiymətlərin azalması başlayıb".
"Ümumiyyətlə Azərbaycanda avtomobil parkının yenilənməsi prosesi gedir. Əvvəllər ili köhnə olan ucuz avtomobil vasitələrinə tələb var idi. Bu da Almaniyadan ölkəyə idxal edilən bir sıra markalar üzrə tələbi artırırdı. Amma indi 2011-2012-ci illərdən bu yana istismara verilmiş avtomobillərin alqı-satqısı demək olar ki, artıb. Yaxın dövrlərdə bazar üçün əsaslı bir dəyişiklik gözlənilmir", – deyə Ramil Osmanlı bildirib.
Aksiz qiymətlərinin artması məsələsinə gəldikdə isə R.Osmanlı əlavə edib ki, bu proses daha çox mühərrik həcmi 3000 kubdan yuxarı olan avtomobillərin qiymətində özünü göstərib: "Düzdür, bu ilkin avtomobil bazarında böyük mühərrikli avtomobillərin qiymətində özünü fantastik artım şəklində göstərdi. Amma təkrar avtomobil bazarında bu proses dayanıb".
Ekspert hesab edir ki, ilin sonuna kimi qiymətlərdə bir qədər də azalma müşahidə ediləcək.